Yaponiya və KXDR arasında danışıqlar aparılır

Yaponiya və KXDR arasında danışıqlar aparılır

Martın 30-da Pekində Yaponiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında son iki ildə ilk hökumətlərarası danışıqlar başlayıb. Danışıqlarda iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edirlər.

Yapon nümayəndə heyətinin rəhbəri, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean şöbəsinin müdiri Zyuniti İhara deyib: "Biz iki ölkə arasında danışıqlarda əsas məsələlərlə əlaqədar aşkar dialoqun baş tutacağına ümid edirik".

KXDR-in Xarici İşlər Nazirliyində Tokio ilə əlaqələrin normallaşdırılmasına cavabdeh olan koreyalı diplomat Sonq İl Ho da öz növbəsində ümid etdiyini bildirib ki, "məsləhətləmələr məhsuldar olacaq".

Yaponiya ilə KXDR arasında diplomatik münasibətlər və nəqliyyat əlaqələri mövcud deyildir. KXDR tərəfindən nüvə sınağına və ballistik raketlərin buraxılmasına cavab olaraq, Yaponiya bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib. Həmin sanksiyalar ikitərəfli ticarəti, Yaponiya limanlarına KXDR gəmilərinin girişini, bu ölkənin rəsmi nümayəndələrinə vizaların verilməsini qadağan edir.

Tokio ilə Pxenyan arasında rəsmi danışıqlar son dəfə 2012-ci ilin noyabrında baş tutmuş, lakin həmin vaxt KXDR-in növbəti raket sınaqlarına başlaması nəticəsində dayandırılmışdı. Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökuməti son vaxtlar iki ölkə arasında dialoqun bərpasına çalışır. Tokio KXDR-in xüsusi xidmət orqanları tərəfindən 1970-1980-ci illərdə oğurlanmış yapon vətəndaşlarının geri qaytarılmasına danışıqlar yolu ilə nail olacağına ümid edir.

Yaponiyanın ictimai təhlükəsizlik üzrə komissiyasının sədri Keyzi Furuya ötən həftənin əvvəllərində bəyan edib ki, rəsmi Pxenyan oğurlanmış yaponlarla əlaqədar Tokio ilə razılığa gələcəyi təqdirdə, Yaponiya KXDR-ə qarşı sanksiyaları yumşaltmağa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə