Karakasa əlavə qüvvələr girib

Karakasa əlavə qüvvələr girib

Venesuela paytaxtının Çakao bələdiyyəsinin ərazisinə əlavə polis və milli qvardiya qüvvələri yeridilib. Bu barədə Bolivar respublikasının daxili işlər naziri Migel Rodriges məlumat verib.

Onun sözlərinə görə, həmin qərar Karakasın şərqində asayişi bərpa etmək məqsədi ilə qəbul olunub. Polisin və milli qvardiyanın bir neçə bölməsi paytaxtın Altamir meydanında nəzarəti onun bütün perimetri boyu gücləndirib. Müxalifət kütləvi iğtişaşlar başlayandan etibarən burada müntəzəm etiraz aksiyaları təşkil edib, barrikadalar qurub.

Fevralın 12-də Karakasda və Venesuelanın iri şəhərlərində gənclərin ölkə hökumətinin siyasəti əleyhinə və lehinə nümayişləri başlanıb. Gənclər Gününə həsr olunmuş kütləvi yürüşlər əvvəlcə sakit şəraitdə keçib, lakin nümayişçilər cərgə ilə paytaxt küçələrində addımlayanda onlarla asayiş keşikçiləri arasında toqquşmalar baş verib.

Polisin məlumatına görə, o vaxtdan etibarən 500-dən çox zorakılıq aktının qarşısını almaq, 1,5 mindən çox nümayişçini saxlamaq mümkün olub. Son məlumatlara görə, iğtişaş qurbanlarının sayı 29 nəfərə çatıb, daha 365 adam zərər çəkib.

2013-cü ilin aprelində əsas opponenti, müxalifətin lideri Enrike Kaprilesi cəmi 1,5 faiz qabaqlayıb prezident seçilmiş Nikolas Maduronun əleyhdarları Venesuelanın hakimiyyət orqanlarına bir sıra tələblər irəli sürüblər.

Onlar cinayətkarlığın baş alıb getməsinə son qoyulmasını, ölkədə təhlükəsizliyi möhkəmləndirməyi, "aclığı, növbələri və mal qıtlığını" ləğv etməyi, etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunan bütün vətəndaşların azadlığa buraxılmasını, kütləvi nümayişlər zamanı törədilən bütün cinayətlərin müstəqil araşdırılmasını tələb edirlər.

Bundan əlavə, müxalifət ölkədə yaranmış vəziyyətin həllinə beynəlxalq müşahidəçilərin cəlb olunmasını təklif edirlər.

N.Maduro martın əvvəlində ölkənin bütün siyasi, iqtisadi və sosial qüvvələrinə müraciət edərək, onlara böhranın aradan qaldırılmasına yönəlmiş sülh konfransı keçirilməsini təklif edib.

Lakin müxalifət dövlət başçısının təşəbbüsünü xalqın diqqətini mühüm problemlərdən yayındırmaq üçün növbəti cəhd adlandırıb, həmin təklifi rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə