“Cenevrə-2” danışıqlarının səmərəli olması üçün BMT TŞ-nin dəstəyi lazımdır

“Cenevrə-2” danışıqlarının səmərəli olması üçün BMT TŞ-nin dəstəyi lazımdır

BMT Təhlükəsizlik Şurası (TŞ) Suriyada danışıqlara dəstək göstərməlidir ki, həmin danışıqların yeni mərhələsi daha səmərəli olsun.

Bu fikri BMT-nin və Ərəb Dövlətləri Birliyinin (ƏDB) Suriya üzrə nümayəndəsi Lahdar Brahimi səsləndirib.

L.Brahimi Suriya müxalifətinin mayın sonlarına nəzərdə tutulmuş prezident seçkilərində iştirak etmək istəməyəcəyindən ehtiyat edir.

L.Brahimi Təhlükəsizlik Şurasının qapalı iclasının yekunlarına əsasən deyib: "Bildiyimə görə, Dəməşqdə seçkilərin keçiriləcəyini elan etməmişlər. Seçkilərin keçirilməsinin mümkün olduğunu göstərən çoxsaylı addımlar atılır. Lakin əgər keçirilsə, müxalifət, çox güman, orada iştirak etməkdə maraqlı olmayacaqdır".

TŞ-də görüşdə iştirak edən diplomatlardan biri deyib ki, BMT-nin emissarı seçkilərin keçirilməsinin hökumət və müxalifət arasında danışıqlara ziyan vura biləcəyindən ehtiyat edir, çünki həmin danışıqların iki mərhələsi heç bir gözəçarpan nəticə verməyib.

O, belə bir məsələ ilə bağlı narahatlığını da bildirib ki, Suriyada tərəflər öz mövqelərini yaxınlaşdırmaq arzusunda deyillər və sadəcə, danışıqlar prosesini uzadırlar.

Jurnalistlər qarşısında çıxış edən L.Brahimi Suriyada danışıqların bərpa olunması tarixini açıqlamayıb. Xatırladaq ki, həmin danışıqların sonuncu raundu fevralın 11-də Cenevrədə başa çatıb.

L.Brahimi deyib: "Biz Cenevrə prosesini davam etdirmək istərdik, lakin yeni mərhələ keçiriləcəksə, onun daha səmərəli olması üçün bizə Şuranın köməyi lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə