Misir Baş qərargahının keçmiş rəisi ölkə prezidenti vəzifəsinə namizədliyindən imtina edib

Misir Baş qərargahının keçmiş rəisi ölkə prezidenti vəzifəsinə namizədliyindən imtina edib

Mİsirdə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirmiş keçmiş baş qərargah rəisi və Misir Silahlı Qüvvələri Ali Şurası başçısının keçmiş müavini general Sami Anan seçkilərdə iştirak etmək niyyətindən əl çəkdiyini deyib. O, bu barədə Qahirədə keçirilmiş bugünkü mətbuat konfransında məlumat verib.
Generalın sözlərinə görə, o, ölkənin yüksək mənafeyini qoruyaraq, Misirin qarşılaşdığı təhlükələri və qarşıdurmaları nəzərə alaraq prezident vəzifəsinə namizədliyini geri götürmək qərarına gəlib. S.Anan ictimaiyyəti xalqın birliyini qoruyub saxlamağa çağırıb.
Qeyd etmək lazımdır ki, dövlət başçısı vəzifəsinə əsas iddiaçılardan biri indiki müdafiə naziri feldmarşal Əbdül Fəttah əs-Sisi hesab edilir. Lakin o, öz namizədliyini hələ ki, rəsmən irəli sürməmişdir.
Bu ilin fevralında Misirin tanınmış siyasətçisi, nasirçi sosialist Hamdin Səbbahi də prezident yarışmasında iştirak etmək niyyətində olduğunu elan edib.
Xatırladırıq ki, Misirdə prezident seçkilərinin keçiriləcəyi gün hələlik rəsmən elan edilməyib, lakin Məhəmməd Mursi hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Ali hərbi şura tərəfindən hazırlanmış "yol xəritəsinə" görə, dövlət başçısı seçkiləri ölkənin yeni konstitusiyası qəbul olunduqdan sonra 90 gündən gec olmayaraq keçirilməlidir. Yeni konstitusiya bu il yanvarın 15-də təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə