Daha bir ultimatum FOTO

Yevpatoriyada dislokasiya olunan Ukrayna hərbçilərinə qarşı daha bir ultimatum irəli sürülüb. Lakin bu dəfə yazılı və möhürsüz şəkildə. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın "Ustream" internet-televiziyasına hərbi hissənin rəis müavini, podpolkovnik Aleksandr Lomka xəbər verib: "Bazar günü saat 21:30-da hərbi hissəyə Krımın yeni təyin olunmuş nazirlər şurasının təmsilçisi və hərbi nişanları bilinməyən silahlı dəstələrin komandiri gələrək, silahlarımızı təhvil vermək, hərbi hissəni isə boşaltmaq ultimatumu veriblər".

Onun sözlərinə görə, ukraynalı hərbçilərə bir sutka – martın 10-u, saat 22:00-a (Bakı vaxtı ilə saat 00:00-a) qədər vaxt verilib.

"Azadlıq Radiosu"nun Qərb bürosu isə xəbər verir ki, sözügedən hərbi hissə ukraynalı hərbçilər tərəfindən perimetr boyu mühafizə olunur və gözlənilən hücum nəticəsində onlar döyüşə girəcəklər.

Xatırladaq ki, bundan öncə də Krımda yerləşən bir neçə hərbi hissəyə ultimatumlar verilsə də, vaxt tamam olduqdan sonra heç bir hücum aktı qeydə alınmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə