Dünən axşam saat 17:00 radələrində Krımın Baxçasaray ərazisində yerləşən Ukraynaya məxsus hərbi hissənin komandiri yoxa çıxıb. SİA-nın məlumatına görə, Sadovik soyadlı hərbi hissə komandirini Rusiya meyilli fəallar güclə maşına otuzdurub və naməlum istiqamətə aparıblar. Bu barədə "Azadlıq Radiosu"nun Qərb bölməsi xəbər verir.
Hərbi mənbələr isə bildirirlər ki, zabiti sonuncu dəfə bazar günü günorta saatlarında "Russkoye Yedinstvo" ("Rus Birliyi") partiyasının Baxçasaraydakı ofisində görüblər. Ukrayna hərbçiləri ofisə gedərək komandiri geri tələb etsə də, oradan əliboş qayıdıblar. Belə ki, Ukrayna hərbçilərinə Sadovikin orada olmadığı bildirilib.
Bu arada, bazar günü Simferopolun dəmir yolu vağzalında tanınmayan şəxslər Ümumkrım Ukrayna Radasının lideri Andrey Şekunu və Simferopol gimnaziya-məktəbinin müəllimlər şurasının sədri Anatoliy Kovalskini güc yolu ilə özləri ilə naməlum istiqamətə doğru aparıblar.
Eyni zamanda, həmin gün Armyansk şəhərinə keçdikləri zaman üç qadın – "Ukrainskoye nedelya" ("Ukrayna həftəsi") qəzetinin jurnalisti Yelena Maksimenko, Yalta şəhərinin sakini Yekaterina Butko, həmçinin, Avromaydanın mətbuat katibi Şura Ryazantseva yoxa çıxıb. Avromaydan SOS xidmətinin verdiyi məlumata görə, onları Sevastopola aparıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB