İranın nüvə proqramına dair “hərəkət planı” icra olunacaq

İranın nüvə proqramına dair “hərəkət planı” icra olunacaq

İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilən görüşlərdə Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında problemin yekun həlli üçün "hərəkət planı"na dair razılıq əldə olunub. "Hərəkət planı"na əsasən, qarşıdakı dörd ay ərzində bir neçə danışıqlar raundu keçiriləcəkdir və İranın öz nüvə proqramından yalnız dinc məqsədlər üçün istifadəsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Fevralın 18-dən 20-dək Vyanada keçirilən danışıqlarda Aİ-nin ali nümayəndəsi, İranın xarici işlər naziri və "altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) diplomatları iştirak ediblər.
Görüşlərdən sonra keçirilmiş mətbuat konfransında K.Eşton məsələnin həlli ilə bağlı bildirib ki, görüləsi işlər çoxdur və bu, elə də asan olmayacaq, lakin artıq yaxşı bir başlanğıc üçün addımlar atılıb. O qeyd edib ki, məsələnin tam həlli üçün mühüm olan bütün mövzular artıq tərəflər arasında müəyyən edilib.
Rusiyanın İTAR-TASS agentliyinin diplomatik dairələrə istinadən yaydığı məlumata əsasən, "hərəkət planı" müvafiq qaydada icra olunarsa, iyulun 20-dən öncə yekun sazişin imzalanması mümkün olacaq.
Danışıqların növbəti mərhələsi olaraq mart ayında Vyanada diplomatlar səviyyəsində texniki məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə