Baş nazir köməkçisi xəbərləri təkzib etdi

Baş nazir köməkçisi xəbərləri təkzib etdi

Türkiyə Baş nazirin köməkçisi Bülənt Arınç, İsrailin təzminat təklif etdiyinə dair xəbəri təkzib edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrailin "Haaretz" qəzeti tərəfindən adı çəkilməyən israilli şəxsə istinadən yayılan xəbərdə, Türkiyənin 30 milyon dollar təzminat tələb etdiyi, İsrailin isə 15 milyon dollar təklif etdiyi bildirilmişdi.

İsrail heyətinin baş nazir Netanyahu ilə görüş keçirməsinin ardından Netanyahunun təzminatı 15 milyon dollara çıxardığı irəli sürülmüşdü.

Baş nazirin köməkçisi Bülənt Arınç, Ədalət və İnkişaf Partiyasının İzmir Vilayətindəki mərkəzini ziyarəti zamanı jurnalistlərin təzminatla bağlı sullarına cavab verərkən belə deyib: "Bunların heç biri düz deyil. Təzminatın miqdarı barədə nə İsrail hökumətinin, nə də bizim bir açıqlamamız olmayıb. Təzminat miqdarı daha az və ya daha yüksək ola bilər. Belə bir hadisə qarşısında keçmişdə hansı ölkə hansı beynəlxalq hüquq əsaslarına uyğun təzminat ödəyibsə biz hüquq dövlətiyik, ancaq onu tələb edə bilərik. Anlaşma imzalana bilsə rəqəmlərin mütləq qaneedici olduğunu hamımız görəcəyik".

Bülənt Arınç, "hələ razılıq əldə olunmasa da həll yolunun yaxın olduğunu mən də hiss edirəm"- deyə, vurğulayıb.

2013-cü ilin mart ayında, ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri zamanı təzyiq etməsi və təkliflər nəticəsində Netanyahunun Türk xalqından və Türk hökumətindən açıq şəkildə üzr istədiyini bildirən Bülənt Arınç, bunun Türk hökumətinin diplomatik uğuru olduğunu, həmçinin İsrail hökumətinin də etdiyi haqsızlıq qarşısında açıq-aşkar və aydın şəkildə üzr istəməsi mənası daşıdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə