Suriyaya qonşu dövlətlərin nazirlərinin toplantısı keçirilib

Suriyaya qonşu dövlətlərin nazirlərinin toplantısı keçirilib

Türkiyənin Urfa vilayətində keçirilmiş Suriyaya qonşu dövlətlərin nazirlərinin toplantısında qonşu ölkələrə sığınmış suriyalı qaçqınların vəziyyətinin yüngülləşdirilməsi, bu məqsədlə əlavə vəsaitin ayrılması məsələləri müzakirə edilib.

Türkiyə və İraqın xarici işlər nazirləri - Əhməd Davudoğlu və Hoşyar Zebari, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin iştirak etdikləri toplantıda bildirilib ki, inkişaf etmiş ölkələr Türkiyə, Livan, İordaniya və Misirdə ağır şəraitdə yaşayan suriyalı qaçqınlara yardımı artırmaq üçün daha çox vəsait ayırmalıdır.

Ə.Davudoğlu deyib ki, hazırda Türkiyədə 700 minədək suriyalı qaçqın var və onun təmsil etdiyi hökumət bu qaçqınların şəraitini yaxşılaşdırmaq üçün beynəlxalq donorların yardımını da gözləyir.

BMT-nin qaçqınlar ali komissarı Antonio Quterreş isə bildirib ki, suriyalı qaçqınlara humanitar yardım göstərilməsi üçün beynəlxalq icma daha fəal olmalıdır. Bu, gələcəkdə gözlənilən humanitar fəlakətin qarşısını almaq üçün zəruridir.

Toplantı iştirakçıları Harran vadisindəki çadır şəhərciyində yaşayan qaçqınlarla görüşüb, onlarla nahar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə