“Dakar-2014” rallisində iki jurnalist həlak olub

“Dakar-2014” rallisində iki jurnalist həlak olub

"Dakar-2014" ralli-marafonunun Argentinada keçirilən beşinci mərhələsində bədbəxt hadisə baş verib: yarışları işıqlandıran iki jurnalist həlak olub.

Qəza yanvarın 9-da axşamçağı baş verib. İçərisində 4 reportyor olan "Ford Ranger" avtomobili Katamarka şəhərindən San-Migel-de-Tukuman şəhərinə gedərkən "Kuesta-del-Klavilyo" avtomobil yolu boyunca yerləşən Andalqala departamentində avtomobil dönmə əməliyyatını yerinə yetirə bilməyib və təxminən 100 metr hündürlükdən uçuruma düşüb. Avtomobilin qabaq oturacağında əyləşənlər dərhal həlak olublar.

Super-rallinin meneceri Fransisko Delqadonun sözlərinə görə həlak olanlar 20 yaşlı tələbə-jurnalist Aqustin Mina və onun həmkarı 51 yaşlı həvəskar avtoyürüşçü Daniel Ambrozio olub.

Avtomobildə olan iki fotoqraf – Fransisko Delqadonun oğlu 31 yaşlı Martino Delqado və 36 yaşlı Rodriqo de Kesade salamat qalıblar. Onlar xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri hələ məlum deyil. İlkin məlumata görə jurnalistlər briqadası bu yarışları işıqlandırmaq üçün rəsmi akkreditə olunmayıblar.

"Dakar" marafon-rallisi hər il keçirilir. Yanvarın 5-də start verilib, marşrutu Argentina, Boliviya və Çili ərazisindən keçən "Dakar-2014" yürüşü yanvarın 18-də Çilinin Valparaiso şəhərində başa çatacaq.

"Dakar-2014" ralli-marafonunun marşrutunun ümumi uzunluğu yük maşınları üçün 9.188 kilometr, minik avtomobilləri üçün 9.374 kilometr, motosikl və kvadrosikllər üçün 8.734 kilometrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə