“KazSat-3” peykinin 2014-cü ilin birinci rübündə buraxılması planlaşdırılır

“KazSat-3” peykinin 2014-cü ilin birinci rübündə buraxılması planlaşdırılır

"KazSat-3" peykinin 2014-cü ilin birinci rübündə "Baykonur" kosmodromunda buraxılması planlaşdırılır.

"KazSat-3" peyki Qazaxıstanın televiziya yayımları bazarının ehtiyaclarının təmin edilməsi, sabit rabitə, internet və məlumatların ötürülməsi üçün nəzərdə tutulub. Peykin yaradılması və buraxılması üçün elan edilmiş beynəlxalq müsabiqənin nəticələrinə əsasən, bu barədə "Akademik M.F.Reşetnev adına informasiya peyk sistemləri" açıq səhmdar cəmiyyəti ilə müqavilə bağlanıb.

Birinci layihə çərçivəsində buraxılmış "KazSat-2" peyki artıq iki ildir ki, uğurla fəaliyyət göstərir. Qazaxıstanda 11 rabitə operatoru peyklərdən istifadə edir. Hazırda bu peykin resursları 63 faiz yüklənib. "KazSat-2" peyki həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir, çünki hər il 2,5 milyard təngə məbləğində vəsaitə qənaət edilir və həmin vəsait Qazaxıstanda qalır. "KazSat-2" peykinin 2011-ci ilin mart ayında buraxılması planlaşdırılırdı, lakin texniki nasazlıqlarla əlaqədar peykin buraxılması başqa vaxta keçirilib, nəticədə "KazSat-2" həmin il iyulun 16-da buraxılıb. Bu peyk Qazaxıstan və Mərkəzi Asiya ölkələri ərazisində, habelə Rusiyanın mərkəzi hissəsində peyk rabitə sistemində televiziya yayımları və məlumatların ötürülməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Xruniçev adına mərkəzdə hazırlanmış "KazSat-1" rabitə peyki 2006-cı ilin iyununda Baykonur kosmodromundan buraxılıb. Lakin 2008-ci ildə bu kosmik aparatla əlaqədar qeyri-standart vəziyyət nəticəsində kosmik aparatın idarəetmə sisteminin işində problemlər üzündən, Qazaxıstan ərazisində televiziya yayımlarında fasilə yaranmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə