Ukrayna hakim partiyasının parlament fraksiyasından istefalar başlayıb

Ukrayna prezidenti Viktor Yanukoviçin başçılıq etdiyi Regionlar Partiyasının (RP) parlament fraksiyasından istefalar başlayıb. SİA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, noyabrın 30-na keçən gecə "Berkut" xüsusi təyinatlı milis dəstəsinin Kiyevin Müstəqillik Meydanında tələbələrin dinc aksiyanı zorakılıqla dağıtmasından sonra RP-nin tanınmış deputatları İnna Boqoslavskaya və David Jvaniya partiyadan istefa verdiklərini açıqlayıblar və hökumətin istefasını tələb ediblər. Bu gün isə daha bir nüfuzlu parlamentar – Nikolay Rudkovski RP sıralarından istefa verdiyini bildirib.

N.Rudkovski bəyanatında qeyd edib ki, həmvətənlərinin əksəriyyəti kimi, o da hesab edir ki, Ukrayna Avropaya aiddir: "Dünən Müstəqillik Meydanında baş verənlərə görə utanıram. Bizim nəsil tələbəlik illərində o meydanda azadlıq uğrunda mübarizə aparıb. Biz vaxtilə meydanlarda ona görə ac qalmamışıq ki, iki onillik sonra hüquq-mühafizə orqanları orada bizim uşaqlarımızın başına dəyənək zərbələri endirsin. Dünənki qanlı hadisələrə görə cavabdeh olanlar, buna cinayətkarcasına laqeyd qalanlar, cinayət xarakterli əmrləri verənlər və bu əmrlərin icraçıları vəzifələrinə, rütbələrinə baxmadan cəzalandırılmalıdır. Bundan başqa, daxili işlər naziri və ümumilikdə Ukrayna hökuməti baş vermiş hadisələrə görə məsuliyyət daşımalı və istefa verməlidir".

Qeyd edək ki, Ukrayna mediası hakim partiyadan istefaların davam edəcəyini və hökumətin parlamentdəki çoxluğunu itirə biləcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...