Ötən gün Qahirədə keçirilən mitinqdə təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb. SİA ərəb mənbələrinə istinadən xəbər verir ki, nəticədə bir nəfər həlak olub, 50 nəfərdən artıq insan yaralanıb. Misir Ərəb Respublikasının (MƏR) Səhiyyə Nazirliyinin məlumatına görə, həyatını itirən gənc başından aldığı güllə yarası nəticəsində xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, çərşənbə axşamı Qahirədə 2011-ci ilin noyabrında Daxili İşlər Nazirliyi binası yaxınlığında həlak olanların xatirəsinə həsr olunmuş mitinq keçirilib. Həmin vaxt yaşanan qarşıdurmalarda 40 nəfərdən artıq insan həyatını itirmişdi. Məhz bu səbəbdən "Təhrir" meydanına çıxan "Müsəlman qardaşları" üzvləri, eləcə də digər siyasi hərəkatlar həmin dövrüdə baş verənləri anmaq istəyiblər.
Qarşıdurmaların Qahirə ilə yanaşı, İsgəndəriyyə, Dəkəhliyə və Dümyat şəhərlərində də baş verdiyi bildirilir. Məlumatda o da qeyd olunub ki, artıq bu gün səhər saatlarından Misir paytaxtında sakitlik hökm sürür. Mərkəzi küçələrdə polis və əsgərlər gücləndirilmiş iş rejiminə keçiblər.
Rövşən NURƏDDİOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB