Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb
Akademik Milli Dram Teatrının nəzdində yeni teatr studiyası açılıb. Teatrdan SİA-ya verilən məlumata görə, studiyanın yaradılmasında başlıca məqsəd, yaradıcı kollektivin nəsilləri arasında əlaqələrin möhkəmlənməsinə, gələcəkdə teatrda çalışacaq aktyorların, rejissorların, səhnəqrafların və digər yaradıcı şəxslərin teatrla sıx təmasda peşəkar biliklərə, sənət vərdişlərinə, səhnə ustalığına, oyun təcrübəsinə yiyələnmələrinə şərait yaratmaqdan ibarətdir.
Gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması, onların istedad və bacarığından daha səmərəli, həmçinin professional istiqamətdə istifadə edilməsi, Akademik Milli Dram Teatrının ənənələrinə, yaradıcılıq prinsiplərinə yaxından bələd olan, gələcəkdə teatra lazım olan istedadlı sənət adamlarının yetişdirilməsinə nail olmaq üçün studiyanın rahat və produktiv fəaliyyəti tam şəkildə təmin olunub.
Studiyada respublikanın tanınmış sənət adamlarının, təcrübəli sənətkarların iştirakı ilə, gənclərin rejissor və aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, ritmo-plastika, vokal-səs və digər bacarıqlarının inkişafı və formalaşdırılması üçün müxtəlif fənlərin tədrisi təşkil edilib.
Yaxın gələcəkdə studiyada xaricdən Azərbaycana gələn görkəmli teatr xadimlərinin - aktyorların, rejissorların, rəssamların, teatrşünasların və digər teatr mütəxəssislərinin iştirakı ilə ustad dərsləri və seminarların təşkili də planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, 40 nəfərdən ibarət studiya üzvləri arasında ölkənin müxtəlif teatrlarında çalışan gənc aktyorlar, ADMİU-nun tələbələri və məzunları, həmçinin səhnə sənətinə bağlı olan gənclər var. Studiyanın məşğələlərində iştirak etmək istəyənlərin sayı gündən-günə artır. Gələcəkdə məşğələlərin iki qrup üzrə keçirilməsi də istisna olunmur.
Studiyanın tədris müddəti iki illik müddətə müəyyənəşdirilib. Bu iki il ərzində gənclərə teatr sənətinin səhnə-oyun prinsiplərini əhatə edən məşğələlər keçiriləcək, tədris prosesinin sonunda isə studiya üzvləri ilə tamaşa hazırlanacaq. Studiyada tamaşaya qoyulan hər hansı bir uğurlu əsərin teatrın Bədii Şurasında müzakirə edərək, cari repertuara daxil edilməsi də istisna edilmir.
Qeyd edək ki, iki illik tədrisi başa vurduqdan sonra studiya üzvlərinə müvafiq sertifikatlar təqdim ediləcək və ən fəal studiya üzvlərinin, müqavilə əsasında, teatrın tamaşalarında iştirak etməsinə şərait yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB