Obama büdcəni təsdiqlədi

ABŞ prezidenti Barak Obama büdcə layihəsinin təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihə Konqresin yuxarı və aşağı palataları tərəfindən qəbul olunub. Dövlət büdcəsi layihəsinin kompromis variantı oktyabrın 16-da gecə Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunub. Sənədin təcili qəbulu zəruri idi, əks halda ölkə oktyabrın 17-də texniki defolt vəziyyətinə düşə bilərdi.

Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.

Qeyd edək ki, oktyabrın 1-dən qismən bağlanan dövlət idarələri bu gündən fəaliyyətini tam bərpa edəcək.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə