Fransa hökuməti nazirlərin smartfonlardan istifadəsini məhdudlaşdırıb

Fransa hökuməti nazirlərin smartfonlardan istifadəsini məhdudlaşdırıb

Fransanın baş naziri Jan-Mark Eyronun katibliyi hökumət üzvlərinə məxfi informasiyanın ötürülməsi zamanı smartfonlardan istifadəni qadağan edib.

Avqust ayında kabinet üzvlərinə verilən göstərişdə deyilir ki, əvvəlki aylarda Fransada və dünyada rabitə sistemlərindən məxfi məlumatların ələ keçirilməsinə yönələn bir sıra elektron hücumlar olub.

Ona görə də kommersiya şəbəkələrindən alınan smartfonlardan istifadə edərkən məxfi məlumatların ötürülməsinə icazə verilmir. Hətta üzərində "tam məxfi" yazısı olmayan xidməti məlumatlar da Milli İnformasiya Sistemləri Agentliyi tərəfindən sertifikatlaşdırılan terminallar vasitəsilə ötürülməlidir.
Fransa qanunlarına əsasən, milli müdafiə sahəsinə aid məxfi şriftli məlumatların ötürülməsinə yalnız bunun üçün nəzərdə tutulmuş xüsusi aparatlar vasitəsilə icazə verilir.
Kabinet üzvlərinin diqqətinə çatdırılıb ki, xaricdə telefon danışıqları və ya elektron şəbəkələrlə məlumatların ötürülməsi müxtəlif beynəlxalq təşkilatların ərazisində, aeroport, hotel, restoran və internet kafelərdə dinlənə və ələ keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə