Ermənistanın Gömrük İttifaqına üzv olması onun Avropa İttifaqı ilə rüsumsuz ticarətini istisna edir
Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 3-də Moskvada bildirmişdir ki, onun ölkəsi Gömrük İttifaqına daxil olmaq niyyətindədir. Bu bəyanat Avropa İttifaqı və Almaniyanın işgüzar dairələri üçün tamamilə gözlənilməz olub. Ona görə ki, Avropa İttifaqının və "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) noyabr ayında keçiriləcək zirvə toplantısında Avropa İttifaqı ilə sərbəst ticarət zonasında Ermənistanın da iştirakını nəzərdə tutan assosiasiya haqqında saziş paraflanmalı idi.
Almaniya iqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Rayner Lindner hazırda Belaus, Qazaxıstan və Rusiyanın daxil olduğu Gömrük İttifaqına üzv olmağın Ermənistan üçün doğuracağı nəticələr barədə fikrini söyləyib: "Sərbəst ticarət zonası yaradılması haqqında Avropa İttifaqı ilə Ermənistan arasında danışıqlar 2013-cü il iyulun axırlarında başa çatmışdır. Müvafiq müqavilə noyabr ayında Vilnüsdə paraflanması nəzərdə tutulan assosiasiya haqqında sazişin tərkib hissəsi olmalı idi. Bu fonda Ermənistanın fəaliyyət xəttini dəyişməsi bizim üçün sürpriz oldu.
Ermənistanın Gömrük İttifaqına üzv olması heç də o demək deyildir ki, Yerevanın arzuladığı üstünlükləri həqiqətən əldə edəcək. Ticari tərəfdaşlar kimi Avropa İttifaqı və Rusiya Ermənistan üçün təxminən eyni dərəcədə əhəmiyyətlidir. Lakin 500 milyon istehlakçısı olan Avropa İttifaqının daxili bazarı perspektivdə Ermənistan üçün çox cəlbedicidir. Gömrük İttifaqı ölkələrinin bazarında isə cəmi 165 milyon istehlakçı var.
Avropa İttifaqı ölkələri ilə Ermənistanın ticari münasibətlərində qüvvədə olan gömrük rüsumları çox aşağı idi. İndi həmin rüsumları artıraraq Gömrük İttifaqında qəbul edilmiş səviyyəyə çatdırmaq lazım gələcək.
Almaniya biznesi indiyə qədər Ermənistanda yalnız ayrı-ayrı iri layihələrin həyata keçirilməsində iştirak edir. Almaniya iqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti Ermənistanda ilk dəfə yalnız 2013-cü ilin may ayında olub. Hərçənd, Ermənistanın mədənçıxarma sahəsində Almaniyanın bir iri investoru fəaliyyət göstərir. Bu, Cronimet firmasıdır. Ermənistanın Gömrük İttifaqında iştirakının həmin firmanın biznesinə necə təsir göstərəcəyini təhlil etmək lazımdır.
Almaniyanın işgüzar dairələri assosiasiya haqqında planlaşdırılan sazişdən nəyi mümkündürsə xilas etməyə çalışacaqlar. Məsələn, Ermənistan vətəndaşları üçün vizasız rejim tətbiq edilə bilər.
Həm Avropa İttifaqı, həm də Gömrük İttifaqı ilə yaxşı münasibətlər "Şərq tərəfdaşlığı" proqramının üzvü olan bütün başqa ölkələr kimi Ermənistan üçün də vacibdir, lakin bu iki qurumun hər ikisində paralel iştirak etmək mümkün deyildir. Bu dilemmadan çıxış yolunu Moskva ilə Brüssel arasında müştərək iqtisadi məkan yaradılması haqqında danışıqlar vasitəsilə tapmaq olar və məhz bu yolla getmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB