Moskva metrosunda nəqliyyatda təhlükəsizlik proqramının həyata keçirilməsi çərçivəsində sıx sərnişin axını zamanı cinayətkarı üzündən tanıya bilən videomüşahidə sisteminin sınaqlarına başlanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, cari ilin aprelində "Novokosino" stansiyasında yeni təhlükəsizlik sisteminin sınaqlarına start verilib.
"Texnoserv" şirkəti tərəfindən təqdim edilən sistem bir neçə proqram məhsulunu inteqrasiya etməyə imkan verir. Proqramlardan biri insanların sifətlərinin tanınması, digəri şübhəli əşyaların tapılması üçün nəzərdə tutulub. Bundan başqa, göstərilən komponentlərin müəyyən müddətdən sonra modernləşdirmək imkanının olması da çox vacib əhəmiyyət kəsb edir. Sınaqlar zamanı polislər məlumat bazasına öz əməkdaşlarından ibarət "cinayətkar"ların fotoşəkillərini daxil edərək sonradan onları "Novokosino" stansiyasına göndəriblər. Bu zaman sistem onları dərhal tanıyaraq stansiyada "kriminal ünsürlər"in olması barədə məlumatı lazımi yerə ötürüb.
Qeyd edək ki, nəqliyyatdan əhalinin təhlükəsizliyinin təmini üzrə kompleks proqram Rusiya hökumətinin sərəncamı ilə 30 iyul 2010-cu ildə təsdiq edilib. Proqramın 2010-2013-cü illərdə maliyyələşdirilməsi üçün 46,7 milyard rublun ayrılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB