ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının Böyük Göllər bölgəsində mövcud vəziyyətlə bağlı yüksək səviyyəli müzakirələr keçirilib.
İclasda BMT-nin baş katibi Pan Gi Mun, baş katibin Afrikada Böyük Göllər bölgəsi üzrə xüsusi nümayəndəsi Meri Robinson, Dünya Bankının prezidenti Cim Yen Kim, Afrika İttifaqının komissarı Ramtane Lamamra, bir sıra ölkələrin xarici işlər nazirləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
İclasın keçirilməsində məqsəd Afrikanın Böyük Göllər bölgəsində sülhün, təhlükəsizliyin və uzunmüddətli sabitliyin təşviqi yollarını müzakirə etmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdən ibarət olub.
İclasda çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev bildirib ki, bəzi hərbi münaqişə vəziyyətlərində olduğu kimi, heç bir diplomatik və siyasi səylər qanunsuz əməllərin leqallaşdırılmasına gətirib çıxarmamalı, qəbuledilməz və əhəmiyyətsiz iddialar üzrə saysız-hesabsız müzakirələrin aparılması üçün imkan yaratmamalıdır. A.Mehdiyev beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyət anlayışının ilk gündən beynəlxalq ictimaiyyətin ümumi yanaşmasının əsas elementlərindən birini təşkil etdiyini söyləyib. Hərbi münaqişə zamanı beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının pozulmasına görə cəzasızlığın aradan qaldırılmasında Təhlükəsizlik Şurasının prinsipial mövqeyi xüsusi vurğulanıb.
Diplomat qeyd edib ki, bütün ölkələr qarşılıqlı əsasda dövlətlərin suverenliyi və ərazi bütövlüyü, eləcə də daxili işlərə qarışmama, mehriban qonşuluq və regional əməkdaşlıq prinsiplərinə hörmətlə yanaşmalıdırlar.
Yekunda qəbul edilmiş bəyanatda bir sıra vacib məqamlarla yanaşı, Təhlükəsizlik Şurası tərəfindən müvafiq öhdəliklər bir daha vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB