Almaniyada nasistləri cəzalandırmağa çağırışlar səslənir

Almaniyada nasistləri cəzalandırmağa çağırışlar səslənir

Almaniyanın hakimiyyət orqanları ikinci dünya müharibəsi dövründə Hitler rejimi üçün işləmiş bütün cinayətkarları tutaraq məsuliyyətə cəlb etməyi qərara almışlar. Bu planı xüsusi sosial reklamın köməyi ilə həyata keçirmək nəzərdə tutulur. Ölkənin şəhərlərində Osvensim əsir düşərgəsinin fotoşəkillərindən ibarət minlərlə plakat yapışdırılıb.

Yaxın vaxtlarda Köln, Hamburq və Berlinin küçələrində asılmış iki mindən artıq posterdə nasistlərin ən böyük cəza düşərgələrindən birinin darvazaları əks etdirilib. Plakatlarda yazılıb: "Bəlkə də artıq gecdir, lakin hələ çox gec deyil. Nasistlər milyonlarla günahsız insanı qətlə yetirmişlər. Həmin canilərin bəziləri indiyə qədər azadlıqdadır. Onların məsuliyyətə cəlb olunmasına kömək edin".

Amerikadakı Simon Vizental mərkəzinin məlumatına görə, hazırda Almaniyada nasist canilər kimi məhkum edilməli olan 60-a yaxın adam yaşayır. Mərkəzin nümayəndələri bu qatillərin axtarılıb tapılmasına kömək edə biləcək informasiya müqabilində 25 min avro mükafat təklif edirlər. Onlar əmindirlər ki, bu cinayətlər üçün iddia müddəti yoxdur.

Almaniya ictimaiyyətinin bu kampaniyaya münasibəti heç də birmənalı deyildir. Bəziləri belə hesab edir ki, nasistlər öz cinayətlərinə görə cavab verməlidirlər. Başqaları isə deyir ki, bu hadisələr çoxdan olmuşdur və Almaniyanın müasir tarixinə bunun heç bir aidiyyəti yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə