Snoudenə sığınacaq xahişi...

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verilməsi xahişi ilə Ekvador Prezidenti Rafael Korreaya ünvanlanmış açıq məktubu əsas etibarilə ABŞ vətəndaşları olan 8200-dən çox mədəniyyət, elm, incəsənət və ictimai xadim imzalayıblar.

Məktubda deyilir: "E.Snoudenin verdiyi məlumatlar ABŞ hökumətinin öz vətəndaşlarına və bütün dünyada insanlara qarşı casusluğunun təhdidedici miqyasının açılmasına kömək etmişdir. E.Snoudenin yaydığı məlumatların ABŞ-ın milli təhlükəsizliyinə təhlükə törətməsinin və ya belə bir məqsəd daşımasının təsdiqi yoxdur".

Məktubu tanınmış Hollivud rejissoru Oliver Stoun, aktyorlar Şaya Labav, Denni Lover, publisist Noan Xomski, habelə digər nüfuzlu ictimai xadimlər və mədəniyyət nümayəndələri imzalayıblar.

E.Snouden əvvəllər ABŞ MKİ-nin texniki mütəxəssisi olub. O, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) internet şəbəkələrində telefon zəngləri və müxtəlif rabitə növləri barədə məlumatın ABŞ-dakı serverlər vasitəsilə ələ keçirilməsinə yönəldilmiş iki tamamilə məxfi proqramın mövcud olması barədə məlumatları yayıb. Radioelektronika kəşfiyyatı ilə məşğul olan MTA Pentaqona tabedir.

Bütün xəbərlər Facebook səhifəmizdə