ABŞ-ın xüsusi xidmət orqanları elektron poçt yazışmaları barədə məlumatlar toplayıblar

ABŞ-ın xüsusi xidmət orqanları elektron poçt yazışmaları barədə məlumatlar toplayıblar

ABŞ-ın xüsusi xidmət orqanları 2001-ci ildən başlayaraq həmvətənlərin və ABŞ-da olan əcnəbilərin elektron poçt ilə yazışmaları barədə məlumatları toplayıblar.

Bu faktı ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, general Kit Aleksander etiraf edib.

Onun bəyanatı Böyük Britaniyada çıxan "The Guardian" qəzeti jurnalistlərinin ifşa xarakterli növbəti yazılarına reaksiya olub. Açılmış növbəti faktlar kütləvi elektron izləmə proqramlarına aiddir. Həmin proqramları MTA həyata keçirib. Radioelektron kəşfiyyatı məsələlərinə cavabdeh olan MTA Pentaqona tabedir.

Kəşfiyyat 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra ABŞ vətəndaşlarına və bu ölkədə olan əcnəbilərə qarşı casusluq fəaliyyəti aparıb, onların nə zaman və kiminlə elektron poçtla əlaqə saxladıqlarını aydınlaşdırıblar. Xüsusi xidmət orqanları bəzi hallarda konkret insanların yerini müəyyənləşdirməyə imkan verən internet-protokolların ünvanlarını müəyyənləşdiriblər.

K.Aleksander vurğulayıb ki, xüsusi xidmət orqanlarının İnternetdə telefon zəngləri və müxtəlif rabitə növləri barədə məlumatların ələ keçirilməsinə yönəldilmiş iki məxfi proqramı terror xarakterli 54 sui-qəsdin qarşısını almağa kömək edib. Edvard Snouden məhz həmin proqramları məxfilikdən çıxarıb.

E.Snouden "Microsoft"un xüsusi xidmət orqanları ilə qalmaqalda iştirak etdiyini xatırladıb. Guya bu şirkət "Google", "Yahoo", "Facebook", "Skype", "YouTube", "Apple", "Paltalk" və "AOL" ilə əməkdaşlıq şəraitində kəşfiyyata öz serverlərindən birbaşa istifadə etmək imkanı yaradıb.

"Microsoft" iyunun 27-də informasiyanın təqdim olunması üçün ABŞ-ın səlahiyyətli orqanlarından nə qədər sorğu aldığını açıq şəkildə elan etməyə icazə verilməsini Amerika məhkəməsindən xahiş edib. "Google" şirkəti də bundan bir qədər əvvəl oxşar addımlar atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə