Beynəlxalq Sülh Gününə 100 gün qalır

Beynəlxalq Sülh Gününə 100 gün qalır

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) dünyanın hər yerində müharibə edən tərəfləri, silahları yerə qoymağa və sülh şəraiti yaratmağa səslədiyi Beynəlxalq Sülh Gününə 100 günün qalmasını qeyd edir.

SİA-ya verilən məlumata görə, bu məqsədlə BMT Baş katibi Pan Gi Mun müraciət qəbul edib.

Müraciətdə deyilir: "Bu gün biz Birləşmiş Millətlər Təşkilatında dünyanın hər yerində müharibə edən tərəfləri silahları yerə qoymağa və sülhün yaradılmasına şərait yaratmağa səslədiyi Beynəlxalq Sülh Gününə 100 günün qalmasını qeyd edirik. Hər il 21 sentyabrda qeyd edilən Beynəlxalq Sülh Günü bütün dünyanı bir anlıq dayanıb münaqişələrin yaratdığı qəddar zorakılıq zəncirini qırmaq yolları haqqında düşünməyə çağırır. Günün bu ilki mövzusu "Sülh naminə Təhsil"dir. Bu mövzunu seçməklə Birləşmiş Millətlər Təşkilatı qlobal vətəndaşlığı təbliğ etmək istiqamətində təhsil oynadığı rolu təhlil edəcək. Uşaqlara sadəcə oxumağı, yazmağı və saymağı öyrətmək bəs etmir. Təhsil insanların bir – birlərinə və yaşadıqları dünyaya hörmət bəsləməyin vacibliyini aşılamalı və insanlara daha ədalətli, inkluziv və dinc cəmiyyətlər qurmağa kömək etməlidir.

Mən hər kəsi – hökumətləri, münaqişə tərəflərini, dini qurumları, icma liderlərini, media nümayəndələrini, akademikləri və vətəndaş cəmiyyətinin üzvlərini öz öhdələrinə düşən rolu yerinə yetirməyə səsləyirəm. Biz sülh naminə təhsil proqramlarını dəstəkləməli, şagird və müəllimləri münaqişələrdən qorumalı, müharibə nəticəsində dağıdılan məktəbləri bərpa etməli və keyfiyyətli təhsil almaq imkanları yaratmalıyıq. Gəlin, növbəti 100 gün ərzində universal sülh mədəniyyəti yaratmağın yollarını öyrənək".

Bütün xəbərlər Facebook səhifəmizdə