Az sonra hamıda olacaq

2017-ci ilədək Çinin ağıllı telefon bazarının həcmi 460 milyon olacaq. SİA xəbər verir ki, IDC analitik şirkətinin proqnozuna əsasən, yerli vətəndaşların çox az hissəsi adi mobil telefonlardan istifadə edəcək. Hazırda Çində mobil telefon istifadəçilərinin sayı bir milyarddan çoxdur. Son bir neçə ildə onlar ənənəvi mobil telefonlardan funksional imkanlara malik ağıllı telefonlara keçməkdədirlər.

IDC analitik şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə Samsung Electronics, Apple, ZTE, Huawei və digər şirkətlər Çin bazarına ümumilikdə 213 milyon ağıllı telefon tədarük ediblər ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.

Ekspertlərin məlumatına görə, 2012-ci ildə Çində istehsal edilmiş mobil telefonların 58,8%-i ağıllı telefonların payına düşüb. Bu il ağıllı telefonların nüfuzetmə səviyyəsinin 78,4%, 2017-ci ilədək 90,1% olacağı gözlənilir. Bu, o deməkdir ki, dörd il sonra Çin vətəndaşlarının, demək olar ki, hamısı ağıllı telefondan istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə