Yeni konstitusiya layihəsi ilə bağlı işlər martın sonuna kimi başa çatmasa, AKP-nin layihəsi referenduma çıxarılacaq
Türkiyədə siyasi gərginlik yenidən artıb. Söhbət ölkənin yeni konstitusiya layihəsindən gedir. Belə ki, baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, yeni layihə üzərində işlər mart ayının sonuna kimi başa çatmalıdır. Və əgər siyasi qüvvələr arasında kompromis əldə olunmayacaqsa, onda hakimiyyət partiyasının, yəni AKP-nin hazırlayacağı yeni layihə referenduma çıxarılacaq.
Türkiyə hökumət başçısının bu bəyanatı ölkədə yeni müzakirələrə yol açıb. Məsələn, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun qənaətincə, Ərdoğan 2014-cü il prezident seçkiləri ərəfəsində konstitusiyanı öz mənafeyinə uyğun dəyişmək istəyir. Məhz gələn il ölkə tarixində ilk dəfə olaraq prezident seçkiləri keçirilməlidir. Bəlli olduğu kimi, prezidenti indiyə qədər parlament seçirdi.
Bu arada isə baş nazirə yaxınlığı ilə seçilən "Sabah" qəzetində Ərdoğan proqram layihə "Yeni Türkiyəyə - yeni Konstitusiya" ilə çıxış edib. Ərdoğan orada mənəvi cəhətdən köhnə hesab etdiyi konstitusiyanın dəyişilməsinə ehtiyac duyulduğunu bəyan edib. Məlumat üçün bildirək ki, Türkiyə tarixində bir neçə dəfə (1876, 1921, 1924, 1961, 1982) illərdə konstitusiya dəyişilib. Sonuncu iki dəyişiklik dövlət çevrilişlərindən sonra ortaya çıxıb. Və hazırda Türkiyə 1980-ci il konstitusiyası ilə yaşayır. Həmin il hərbçilər hakimiyyəti devirərək hökuməti buraxmış, siyasi partiyaların fəaliyyətinə xitam vermişdilər. Bununla da Türkiyə tarixində yeni dövrün başlanğıcını qoymuşdular. Həmin konstitusiyanın üç bəndində türk millətçiliyindən, dövlətin sərhədlərindən, bayraqdan və himndən söhbət gedir. Onların dəyişilməsi, hətta bununla bağlı təkliflərin ortaya atılması belə qadağan edilib. 2010-cu ilin sentyabrında isə yeni konstitusiya ilə bağlı referendum keçirildi. Türklərin də böyük əksəriyyəti türk cəmiyyətinin demokratikləşməsinə, yəni konstitusiyanın Avropa Birliyinin normalarına uyğun olaraq dəyişilməsinə razılıq verdilər. "Biz yeni konstitusiyanın dəyişilməsi üçün güclü ictimai dəstəyə, demokratik və mülki cəmiyyətə malikik" - deyə baş nazir bəyan edib.
Qeyd edək ki, hazırki konstitusiyanı ən əsası ona görə tənqid edirlər ki, hərbi çevriliş yolu ilə formalaşan hökumətdən sonra yaradılıb. Və xüsusi vurğulanır ki, orada dövlət şəxsiyyətdən üstün tutulur. Baş nazir isə məqaləsində bildirir ki, yeni layihədə dövlət deyil, insan amili birinci yerdə durur. 2010-cu il referendumundan sonra komissiya yaradıldı və onun əsas vəzifəsi siyasi qüvvələrlə yeni konstitusiyanın yaradılması istiqamətində kompromis yaratmaq oldu. İlyarım ərzində 80 tələb olunan maddədən 25-i ilə bağlı razılıq əldə olunub. Komissiyanın iş tempini nəzərə alsaq, o, ən azı üç ildən sonra tam hazır ola biləcək. Lakin ölkə siyasi nöqteyi-nəzərdən gərgin hadisələr astanasındadır. Söhbət prezident və yerli özünüidaretmə orqanlarına keçiriləcək seçkilərdən gedir. Yeni konstitusiyanın bu seçkilər ərəfəsində dəyişilməsi isə siyasi xəritədə köklü dəyişikliklərə gətirib çıxara bilər. Ən əsası, prezident hakimiyyəti güclənə və bununla da dövlət başçısı postu Ərdoğan üçün cəlbedici ola bilər. "Sabah" qəzetinin siyasi şərhçisi Həsən Cəlal Gözəl yazır ki, mövcud konstitusiyanın bir sıra maddələrinin dəyişilməsi ilə parlament-prezident üsul-idarəli qarışıq idarəçilik sistemi tam şəkildə prezident üsul-idarəçiliyinə çevrilir: "Məhz yaxınlaşan 2014-cü il seçkiləri də baş naziri yeni konstitusiyanın hazırlanması ilə bağlı son müddəti 2013-cü il martı elan etməyə vadar etdi".
Lakin bu layihə ilə heç də çox adam razı deyil. "Vatan" qəzetinin əməkdaşı Kemal Pektaş bu narazılığın səbəblərini göstərir: "Parlament üsul-idarəsinin prezident üsul-idarəçiliyinə çevrilməsinə Türkiyə Vəkillər İttifaqı kəskin reaksiya verib. Onların yaydığı bəyanatda göstərilib ki, "bu model seçilmiş çar" modelidir. Bu modelin dünyada analoqu yoxdur. Bu modellə prezident nəinki böyük səlahiyyətlərə malik olur, həm də məhkəmə orqanlarının işini müəyyən edir, bununla da onların müstəqilliyi şübhə altına düşmüş olur". CHP ilə yanaşı, Milliyyətçi Hərəkat Partiyası da buna qarşı çıxır. Hər iki qurum hesab edir ki, bu, ölkənin etnik zəmində parçalanmasına gətirib çıxaracaq. Kürdyönümlü Barış və Demokratiya Partiyası isə müxtəlif şərtlər irəli sürür: muxtariyyətin verilməsi, müxtəlif dillər və mədəniyyətlərin mövcudluğu və vətəndaşlığın verilməsi. Türkiyə mətbuatı yazır ki, AKP ilə BDP-nin razılığa gələ bilmələri bir zaman məsələsidir. Və əgər kompromis baş tutarsa, yeni konstitusiya böyük səs çoxluğu ilə Məclisdən keçəcək. Əgər məclisdə 330 səs toplansa, onda konstitusiya referenduma çıxarılacaq. Hakimiyyətdə isə hesab edirlər ki, əhali onları dəstəkləyəcək.
Öz növbəsində CXP lideri Kamal Kılıçdaroğlu hesab edir ki, konstitusiya layihəsi yalnız AKP və BDP tərəfindən dəstəklənir və parlamentdə keçməyəcək. O, sədri olduğu partiyanın 100 faizlik kompromis əldə olunmasına çalışacağını dilə gətirib. "Konstitusiya bütün cəmiyyətin maraqlarını ifadə etməlidir, ictimai kompromisin məhsulu olmalıdır. Onun yalnız AKP və BDP tərəfindən qəbulu məclisi və cəmiyyəti parçalayacaq. Bu, antidemokratikdir. Konstitusiyanı bir şəxsin dövlət başçısı, prezident olmaq planlarına görə dəyişmək düzgün deyil" - deyə siyasətçi vurğulayıb.
Azər NURİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB