Sarkozi həbs oluna bilər

Fransa məhkəməsi keçmiş ölkə prezidentinə qarşı yeni iddia irəli sürüb

Fransa məhkəməsi keçmiş ölkə prezidenti Nikola Sarkozinin Karaçi şəhərində baş vermiş terrorla bağlı məlumatların açılması ilə əlaqəsinin olub-olmamasını yoxlamaq üçün istintaqa başlamaq barədə qərar verib.

"Agence France-Presse" bildirir ki, yeni istintaqın predmeti Sarkozinin prezident postu tutduğu 2011-ci ilin sentyabrında "Karaçi məsələsi" haqqında yayılmış press-reliz olub. "Karaçi məsələsi" 2002-ci ilin may ayında Pakistanın Karaçi şəhərində 11 Fransa vətəndaşının həlak olduğu terror hadisəsinin istintaqı ilə bağlıdır. Hüquq-mühafizə orqanları həmin vaxt Sarkozinin Pakistandakı korrupsiya sxemlərinə bağlılığını araşıdırırdı. Press-relizdə isə iddia edilirdi ki, Sarkozinin soyadı istintaq materiallarında yoxdur.

Press-relizin çap edilməsindən sonra Karaçidə həlak olmuş mühəndislərin qohumları prezidentə qarşı məhkəmə işi qaldırıblar. Onlar bildirirlər ki, prezident istintaq sirrini yaymaqla qanunu pozub, çünki press-relizdə başa çatmamış istintaq işindən söhbət gedirdi. Prokurorluq bildirir ki, bu işə görə Sarkozini istintaqa cəlb etmək olmaz, çünki həmin vaxt onun prezident kimi toxunulmazlığı olub. Amma hakimlər bildiriblər ki, başa çatmamış istintaq işi barədə sənəd dərc etmək prezidentin səlahiyyətləri sırasına daxil deyil, buna görə sözügedən immunitet bu halda işləmir.

Karaçidəki terror hadisəsindən sonra bir neçə istintaq işi başlanıb. İstintaq versiyasına görə, Sarkozinin həmin korrupsiya sxemində əli ola bilərdi. Belə ki, 1990-cı illərin ortalarında Pakistan hakimiyyəti fransız sualtı qayıqlarının alınması üçün Fransaya "otkat" ödəyiblər. Bəzi məlumatlara görə, terror 2002-ci ildə prezident Cak Şirakın "komission haqqı" və "otkat" almağı ləğv etməsinə qarşı reaksiya ola bilər.

İstintaq zamanı polis həm də Pakistandan alınmış pulların o vaxtkı baş nazir Eduard Balladürün seçkiqabağı kampaniyasına xərclənməsi ilə bağlı versiyanı da yoxlayıb. Sarkozi onun kabinetində büdcə naziri işləyib, həm də o, Balladürün prezident seçkisi kampaniyasında xəzinədar olub. Buna görə də, çoxları bu fikirdədir ki, onun korrupsiya sövdələşməsindən xəbəri var. Bəzi məlumatlara görə, məhz Sarkozi fiktiv şirkət yaratmağa razılıq verib və onun vasitəsi ilə pullar köçürülüb.

2012-ci ildə polis Sarkozinin evində və iş yerində 1995-ci il seçkilərinin koruppsiyası ilə bağlı axtarış aparıb. Bundan başqa, keçmiş prezident 2007-ci ildəki seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə günahlandırılır: deyirlər ki, o, Fransanın ən varlı qadınından - "L'Oreal" Lilian Betankurdan qanunsuz şəkildə 150 min avro alıb. Onun 2007-ci il seçki kampaniyası barədə qalmaqal keçmiş Liviya lideri Muammar Kaddafidən 50 milyon avro alması ilə bağlı səsləndirilən çoxsaylı ittihamlardan sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə