Araşdırmalar zamanı məlum olub ki, hadisədən 2 gün öncə Adam Lanza silah dükanında avtomat almaq istəyirmiş
Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında 20 azyaşlını və 6 qadını öldürərək daha sonra özünə qəsd edən Adam Lanza adlı şəxsin evində aparılan axtarışlar zamanı çoxlu sayda silah-sursat aşkarlanıb. Qətliamı anasına məxsus dörd silahla həyata keçirən Adamın evindən daha iki tapança tapılıb. Qatilin qardaşı Rayan Lanza onun autizm xəstəsi olduğunu bildirsə də, rəsmilər hələ ki, bu faktı təsdiqləməyib. Araşdırmalar nəticəsində məlum olub ki, Adam Lanzanın valideynlərinin adına qeydiyyatda olan xeyli sayda silah var. Həmçinin onun qətliam törətməmişdən bir gün əvvəl məktəbdə işləyən 4 nəfərlə mübahisə etdiyi məlum olub. Lanzanın iki gün əvvəl isə şəhərdəki silah dükanlarından birinə getdiyi və avtomat tüfəng almaq istədiyi, ancaq satıcının prosedur tələblərinə görə, ona silah satmadığı da üzə çıxıb.
Polis qətliamdan salamat xilas ola bilən uşaqların valideynləri ilə görüşərək hadisənin təfərrüatları barədə məlumat toplamaqda davam edir.
Hazırda cinayətin motivləri ilə bağlı istintaq araşdırmaları aparılır. Qətliamın baş verdiyi Nyutaun şəhərində əhali etiraz aksiyası keçirib. Onlar hökumətdən silahlar üzərində nəzarəti gücləndirməyi tələb ediblər. Faciə ilə bağlı xarici ölkələrdə də matəm mərasimləri keçirilir. Rusiyanın paytaxtı Moskvada insanlar Birləşmiş Ştatlar səfirliyinin qarşısına toplaşaraq, qətlə yetirilənlərin xatirəsini yad ediblər.
Xatırladaq ki, 14 dekabrda Nyu tonda 20-si azyaşlı olmaqla 26 nəfərin öldürülməsi Amerikada təhsil müəssisələrinə olan üçüncü ağır basqın faktıdır.
İlk belə dəhşətli hücum 1999-cu ildə Columbine liseyində törədilmişdi və nəticədə 13 nəfər öldürülmüşdü. 2007-ci ildə isə Virciniya Texniki Universitetinə həyata keçirilən hücum nəticəsində 32 nəfər öldürülmüşdü. Müşahidəçilər hesab edirlər ki, bu cür faciələrin baş verməsinə səbəb Amerikada silahlar üzərində nəzarətin zəif olması və qanunvericiliyin istənilən şəxsə çox asanlıqla silah əldə etməyə imkan verməsidir./ANS/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB