Rusiya rəsmən etiraf etdi

Moskva Türkiyənin zorla endirdiyi təyyarədə radar hissələrinin olduğunu rəsmən etiraf etdi və bu məsələni unutmaq istədiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ankaradakı səfiri Vladimir İvanovski oktyabr ayında Esenboğa hava limanına enməyə məcbur edilən Suriya təyyarəsində radar hissələrinin olduğunu rəsmən etiraf edib.

Səfir prezident Vladimir Putinin səfərindən əvvəl keçirdiyi mətbuat konfransında Suriya təyyarəsi ilə bağlı açıqlama verib. İvanovski təyyarədə 2004-cü ildə imzalanan bir sazişə uyğun olaraq təmir edilən bir "Zenit" qurğusuna aid əlavə hissələrin olduğunu bildirib. Səfir "Bu xoşagəlməz hadisəni nə qədər tez unutsaq, o qədər yaxşı olacaq. Təyyarədəki mal bizim deyildi. Pulunu aldıqdan sonra bizim məsuliyyətimiz yox idi. Geri qalan məsələ Suriya ilə Türkiyə arasındadır" deyib.

Səfir bu məsələnin Putinin 3 dekabrdakı Türkiyə səfərində gündəliyə gəlməyəcəyini bildirib və qeyd edib ki, bu mövzu artıq bağlanmalıdır.

nkaranın NATO-dan istədiyi "Patriot" sistemləri ilə bağlı da danışan İvanovski Türkiyənin öz təhlükəsizliyi üçün tədbir görmək haqqına kimsənin qarışa bilməyəcəyini vurğulayıb. Səfir eyni zamanda Rusiyanın NATO-nun Suriyada bir provokasiyaya sürükləndiyinə dair narahatlıqlarını da ifadə edib. Səfirin "Ortaqlarımızın bu məsələylə bağlı mövqelərini detallı şəkildə açıqlamasını istəyirik" sözləri "Patriot"ların Putinin səfəri əsnasında gündəliyə gələcəyi şəklində dəyərləndirilib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə