Misirdə prezident Məhəmməd Mursinin öz səlahiyyətlərini artırmaq məqsədilə verdiyi qərarlara qarşı xalqın etirazları artıq 5 gündür ki, davam edir. Ötən gün minlərlə insan paytaxt Qahirənin Təhrir meydanından ayrılmadan gecə boyu aksiyalarını davam etdiriblər. İsgəndəriyyə şəhərində isə yenidən gərginlik yaşanıb. Məlumata görə, bir qrupu etirazçı hakim "Müsəlman Qardaşlığı" partiyasının qərargahına hücum edib. Qərargaha daxil olan etirazçılar içəridə olan əşyaları çölə ataraq zorakılıq törədiblər.
Qeyd edək ki, bir qədər əvvəl Məhəmməd Mursinin yeni qanunda dəyişikliyə gedəcəyi ilə bağlı məlumat yayımlanıb. Misir Ali Məhkəməsinin verdiyi məlumata görə, qanunda nəzərdə tutulan dəyişikliyə əsasən, prezident yalnız ölkənin suverenliyi məsələsində heç bir hökumət strukturu tərəfindən mühakimə olunmadan qərar verə bilər. Lakin Misir müxalifəti Mursinin heç bir güzəştini qəbul etmək istəməyib və onun hakimiyyəti tərk etməsini tələb edib. Müxalifət nümayəndələri Mursini hakimiyyəti monopoliyaya çevirməkdə ittiham edib.
"Mursi yalan vədlərlə xalqı sakitləşdirməyə çalışır. Onun necə yalançı olduğunu sonuncu qərarından sonra gördük. O, inqılabın harada baş verdiyini yadından çıxarıb. Biz öz hədəflərimizə və məqsədlərimizə çatmayanadək Təhriri tərk etməyəcəyik. Bu qərar ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. Qərar verilməzdən əvvəl ətraflı araşdırılmayıb və hakimiyyət bölgüsü nəzərə alınmayıb", - deyə etirazçılardan biri fikrini bildirib.
Onu da qeyd edək ki, indiyə qədər etirazlarda bir nəfər həyatını itirib, yüzlərlə insan isə xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB