İran vurulsa, oradakı türklər nə etməlidir?

İran vurulsa, oradakı türklər nə etməlidir?

Bu məsələ Türkiyə mətbuatını ciddi düşündürməyə başlayıb

İran rejimi gec-tez zəifləyəcək və bu ölkədə yeni dövr başlayacaq. Qərb ölkələrinin İrana qarşı keçirilən zəiflətmə prosesi bu gün də davam edir. Nüvə silahının hazırlanması məsələsində şübhələrin yaranması, İrana qarşı tətbiq olunan embarqo siyasəti, beynəlxalq aləmdə siyasi boykotdan istifadə edilməsi – İranı "küncə sıxmaq" kimi görülən tədbirlər bu siyasətin davamıdır.

Türkiyə mətbuatında İranın daxili siyasəti ilə bağlı məqalə dərc edilib. Bu məqalədə İrana qarşı tətbiq olunan siyasətə Cənubi Azərbaycan türklərinin münasibəti araşdırılıb. Belə ki, İrana qarşı ehtimal edilən müharibədə əsas güc kimi əsrlər boyu İran ərazisində yaşayan Azərbaycan türkləri çıxış edəcək. Ölkənin demək olar ki, əhalisinin yarısı qədər olan və əhəmiyyətli güc kimi çıxış edəcək Azərbaycan türkləri burada mühüm rol oynayacaq. Çünki onlar uzun illərdir bu ölkədə müstəqillik və istiqlaliyyət uğrunda mübarizə aparırlar.

Baxmayaraq ki, onların sayı 30-35 milyondur, onların müqavimət hərəkatı bu günə qədər hələ də bir nəticə verməyib. Onların bu hərəkatına təəssüf ki, Türkiyə və Avropa dəstək verməyib.

Belə ki, mətbu orqan yazır ki, "cənubi azərbaycanlılar" sözünü eşidəndə və onların etiraz aksiyalarını gördükdə, bir sıra vacib anlar diqqət çəkir. Bu hərəkatda əsas məsələ ondan ibarətdir ki, ABŞ və onun müttəfiqləri İrana zərbə endirdiyi halda, İran azərbaycanlıları buna necə reaksiya verəcək? Yaxud onların müstəqillik uğrunda apardıqları mübarizənin prinsipləri necə olacaq?

Bununla bərabər, qeyd eilməlidir ki, Cənubi Azərbaycan regionu İran, Türkiyə, Ermənistan və Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Türkiyə Xəzər regionu və Qafqaz üçün əhəmiyyətli limandır. Bu anda regionun enerji ehtiyatları və bu enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılması strateji əhəmiyyət kəsb edir. Bu da regionun strateji baxımdan nə dərəcədə əhəmiyyətli olmasının göstəricisidir.

Bundan başqa, ilk növbədə İrana qarşı ediləcək mümkün hərbi müdaxilə zamanı Türkiyə və Azərbaycanın buna reaksiyası maraqlıdır və bu, hələ də mübahisəli məsələ olaraq qalır. Bir tərəfdən ABŞ-Türkiyə müttəfiqliyi, digər tərəfdən isə Azərbaycanın "güc balansı" adlandırdığı siyasətin yürütməsidir. Amma bütün bunlara baxmayaraq, iki ölkənin gündəmində əsas məsələlərindən biri də hər zaman İran azərbaycanlıların məsələsi durur.

Sonda ehtimal edilən bu müharibənin nəticəsinin analizi olaraq, hər kəsdə bir assosiasiya yaranır ki, İranın bölünməsi nəticəsində Şimali İraqın və Mosul-Kərkük sərhəddindəki hadisələr də rol oynayacaq. Türkiyəyə isə özünün regiondakı mövcud təcrübəsindən istifadə etmək lazım gələcək. Təbii ki, bu halda onların müstəqillik uğrunda mübarizə aparan Təbriz türklərinə ehtiyacı olacaq. Çünki, bəzilərin dediyi kimi, "Cənubi Azərbaycandakı türklər istiqlaliyyət uğrunda apardıqları mübarizədə Qərbdən, xüsusilə də ABŞ-dan ciddi dəstək alırlar" sözləri öz təsdiqini tapır. Bu cür iddialar isə Rusiya və İranın maraqlarına cavab verir. Çünki onların məqsədi İrana xarici müdaxilə olduğu zaman Tükkiyənin müdaxiləsinin qarşını almaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə