Suriyanın İdlib şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında qarşıdurmalar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərin Məərit əl-Nəsəən bölgəsi qırıcıların hücuma məruz qalıb. Hava hücumları nəticəsində azı 20 nəfərin öldürüldüyü bildirilir. Hücumların biri yaşayış məntəqəsinə tuş gəlib. Raket mərmiləri bir ailədən 9 nəfərin ölümünə səbəb olub.
Suriya İnsan Haqları müşahidəçi qrupu döyüşlərin, eyni zamanda, Hələb və Homs şəhərlərində də intensiv xarakter aldığını, Hələbin mərkəzində törədilmiş partlayış zamanı azı 12 nəfərin öldürüldüyünü xəbər verib. Fəalların sözlərinə görə, üsyançılar Deyr Əzzor şəhərində hərbi hava limanını ələ keçiriblər. Ölkə rəsmiləri isə hələlik məlumatı təsdiqləməyib.
Suriya rejiminə qarşı vahid cəbhədə birləşən ölkə müxalifətinin lideri Muəz Xatib isə ötən gün Munzir Maxusu Fransaya səfir təyin edib. Fransanın paytaxtı Parisdə ölkə prezidenti Fransua Olandla görüşən Xatib, İngiltərənin Suriya Milli Koalisiyasını Suriya xalqının yeganə legitim təmsilçisi kimi tanımasını gözlədiyi bildirib.
Qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən başlayan döyüşlərdə indiyə kimi 36 mindən çox insanın öldürüldüyünü, yüzlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını iddia edir. Ölkədə davam edən zorakılıqlardan yaxa qurtarmağa çalışan dinc insanlar isə qonşu ölkələrə sığınmağa çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB