Prezidentliyə üç siyasətçi iddia edir
Bu gün Sloveniya müstəqillik qazanandan sayca beşinci prezident seçkiləri keçiriləcək. 3300-dən çox seçki məntəqəsi yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 10.00) açılacaq. Səsvermə saat 19.00-adək (Bakı vaxtı ilə saat 22.00) davam edəcək. Daha 32 məntəqə isə xaricdəki səfirlik və baş konsulluqlarda fəaliyyət göstərəcək.
Mərkəzi Seçki Komissiyasının səlumatına görə, 2 milyon əhalisi olan ölkədə 1,6 milyondan çox vətəndaşın səsvermə hüququ var. Onlar oktyabrın ortalarından prezidentliyə namizəd statusu almış üç siyasətçi arasında seçim etməlidirlər. Bunlar fəaliyyətdə olan prezident Danilo Türk, ölkənin keçmiş baş naziri Borut Paxor və hakim Sloveniya Demokratik Partiyasının nümayəndəsi, Avropa Parlamentinin deputatı Milan Zverdir. Əgər bu günkü seçkilərdə namizədlərdən heç biri üstünülk qazana bilməsə, ikinci tur elan ediləcək. İkinci turun dekabrın 2-də keçirilməsi nəzərdə tutulur. İkinci turda vətəndaşlar ilk səsvermədə birinci və ikinci yerləri tutan siyasətçilər arasında seçim etməli olacaqlar.
Ötən gündən ölkədə sükut rejimi qüvvəyə minib. Polisin məlumatına görə, artıq bu qaydanın pozulması ilə bağlı 26 hal aşkarlanıb. Bunlar əsasən təşviqat materiallarının yayılması ilə bağlı olub.
Sloveniyada prezident seçkiləri birbaşa səsvermə yolu ilə keçirilir. Dövlət başçısının səlahiyyət müddəti 5 ildir və onun namizədliyini təkrar irəli sürmək hüququ var.
Seçkinin ilk nəticələri səsvermə məntəqələri bağlandıqdan dərhal sonra açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB