Saakaşviliyə qarşı hörmətsizlik

Saakaşviliyə qarşı hörmətsizlik

Mixail Saakaşvili parlamentə daxil olarkən "Gürcü arzusu" blokunun deputatları ayağa durmayıb

Gürcüstanda yeni seçilmiş parlament bu gün rəsmi olaraq öz işinə başlayıb. Kutaisidə keçirilən ilk iclası prezident Mixail Saakaşvili açıq elan edib. Maraqlıdır ki, Saakaşvili salona daxil olarkən parlamentdə çoxluq təşkil edən "Gürcü arzusu" blokunun deputatları ayağa durmayıb. Gürcüstan baş naziri vəzifəsinə namizəd Bidzina İvanişvili isə sessiaya qonaq statusunda qatılıb.

Açılış nitqi ilə çıxış edən Saakaşvili hakimiyyət dəyişikliyinin güc yolu ilə yox, demokratik seçkilərlə dəyişməsinə görə, məmnunluq duyduğunu bildirib: "Bu gün Kutaisidə xüsusi ab-hava var və mən sevinirəm ki, bu gün burada 2008-ci ildə öz mandatlarından imtina etmiş şəxsləri görürəm. İndi siz parlament üzvlərisiniz və hətta daha yüksək vəzifələri hədəf seçmisiniz. Bu, bizim yaratdığımız sistemin nailiyyətidir və indi xalq nəyin yaxşı, nəyin pis olduğunu özü görəcək. Qalibin hər şeyi əldə etdiyi zaman artıq keçib. Bu gün bir qüvvə müxalifətdədir, digəri isə hakimiyyətdə və təsəvvür edin ki, növbəti seçkilərdə hər şey dəyişə bilər".

Saakaşvili deputatları dövlət quruculuğunu davam etdirməyə və siyasi azlığı ölkəni inkişafa aparacaq proseslərdə hakimiyyətlə əməkdaşlıq etməyə çağırıb.

Gürcüstan prezidentinin fikrincə, parlamentdə mübahisələr adi haldır, amma etika qaydalarından kənara çıxmaq olmaz. O qeyd edib ki, əgər müxalifət olmasa, ölkə qəbirstanlığa çevrilə bilər. Amma prezident söz verib ki, Gürcüstan qəbiristanlığa çevrilməyəcək. Saakaşvilinin sözlərinə görə, yeni hakimiyyət işğalçı ölkənin tələsinə düşməməlidir. Qeyd edək ki, Gürcüstan Rusiyanı 2008-ci il müharibəsindən sonra işğalçı ölkə adlandırır.

Prezident Mixail Saakaşvili çıxışdan sonra sessiyanı aparmaq səlahiyyətlərini qocaman deputat İvan Kiquradzeyə verib.

Oktyabrın 1-də Gürcüstan parlamentinə keçirilən seçkilər nəticəsində Bidzina İvanişvilinin rəhbəri olduğu "Gürcü arzusu" 85 yerə, Saakaşvilinin "Vahid milli hərəkatı" 65 yerə sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə