"Reallıq budur ki, Bəşər Əsəd udur…"

"Reallıq budur ki, Bəşər Əsəd udur…"

Fransanın xüsusi xidmət orqanları Suriya müxalifətinin real sayına dair bilgi əldə ediblər

ABŞ-ın və Fransanın hərbi müşahidəçilərinin hesablamalarına görə, Suriyada hökumətə qarşı çıxan silahlıların sayı 30 min nəfər təşkil edir. İTAR-TASS bu barədə məlumatı Avropanın adını açıqlamadığı diplomatik dairələrindən əldə edib.

Mənbə bildirib ki, Fransa prezidenti Fransua Ollandın göstərişi ilə ölkənin xüsusi xidmət orqanları Suriya müxalifətinin real sayına dair bilgi əldə ediblər. 30 mindən 3 mini "Əl Qaidə" terrorçu təşkilatına yaxın adamlardır.

Qeyd edək ki, daha öncə rəsmi Paris və rəsmi Vaşinqton tərəfindən Suriyadakı silahlı müxalifətin sayının 70 min olduğu bildirilirdi. İndi bu rəqəmin 40 min azalması Qərb qarşısında kifayət qədər ciddi problemlər qoyur. Ekspertlərin qənaətincə, mövcud status-kvo onu deməyə əsas verir ki, ən azı yaxın 6 ay ərzində Qərb, o cümlədən ABŞ Bəşər Əsəd rejiminin devrilməsinə ümid etməməlidir. Halbuki əvvəlki hesablamalar 2013-cü ilin martında bu prosesin yekunlaşmasını nəzərdə tuturdu.

Mənbə bildirir: "Reallıq budur ki, Bəşər Əsəd udur. O, Suriyadakı silahlıların loyallığını saxlamağa müvəffəq olub. Müxalifətçilərin sayı isə onun üzərində tezliklə qələbə qazanmağa imkan vermir".

Adı çəkilməyən diplomat eyni zamanda bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin saxlanmasında əsas rolu Dəməşqə birbaşa hərbi yardım göstərən İran oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə