Baş nazir işdən çıxarıldı

Liviyada ölkə parlamenti baş nazir Mustafa Əbu Şaquru tutduğu vəzifədən kənarlaşdırıb. SİA-nın məlumatına görə, Ümumilli Konqresdə keçirilən etimad səsverməsində səs çoxluğu ilə nazirin kənarlaşdırılması qərara alınıb. Buna səbəb hökumət başçısının nazirlər kabinetini təşkil etmək tapşırığında ardıcıl 2 dəfə iflasa uğraması olub. Etimad səsverməsindən əvvəl, Şaqur 10 nazir vəzifəsi üçün namizədlərdən ibarət siyahını parlamentə təqdim etmişdi.

Etimad səsverməsində 125 parlamentari Şaqurun sayca 2-ci təklifinin əleyhinə səs verib. Onu yalnız 44 deputat dəstəkləyib. 17 parlament üzvünün isə bitərəf qaldığı deyilir.

Əvvəl baş nazir müavini olmuş Mustafa Əbu Şaqur hökümət başçısı vəzifəsində sentyabr ayının ortalarında təyin olunub. Səsvermənin ikinci mərhələsində, Şaqur 92 deputatın etimadını qazanaraq, yalnız 2 səs üstünlüyü ilə Liviya milli keçid şurasının sabiq baş naziri Mahmud Cibrilə üstün gəlmişdi. İndi parlament yenidən ölkənin baş nazirini seçməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə