Rusiyalı senator: "Tbilisi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır"
Rusiya Gürcüstana şərt qoydu

Gürcüstandakı seçkilərin nəticələrinin necə alınmasından asılı olmayaraq, bunun Rusiya-Gürcüstan münasibətlərinə köklü təsir göstərəcəyi gözlənilmir. Bunu Rusiyanın federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri, senator Viktor Ozerov deyib.

Rusiya mediası xəbər verir ki, senator Ozerov Tbilisinin Moskva ilə əlaqələrinin yaxşılaşmasında əsas şərt kimi birincinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasını irəli sürüb. "Gürcüstan üçün müstəqilliyin qəbulu siyasi meyitlikdir", - deyən komitə sədrinin fikrincə, yeni siyasi reallıqların dərki üçün Gürcüstanda nəsil dəyişikliyi baş verməlidir.

V.Ozerov onu da bildirib ki, Gürcüstandakı parlament seçkisində müxalifətin qələbə qazanması onu göstərir ki, prezident Mixail Saakaşvilinin yeritdiyi siyasi kurs təkcə ölkənin qonşularında (Rusiya nəzərdə tutulur) deyil, daxildə də mənfi reaksiya doğurur: "Buna görə də seçkilərdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını istəyən alternativ partiya qələbə qazanır. Bu o deməkdir ki, Gürcüstan əhalisi ölkədə hakimiyyətin dəyişilməsinin tərəfdarıdır".

Qeyd edək ki, Gürcüstanda dünən keçirilmiş parlament seçkisinin nəticəsinə əsasən müxalifətçi milyarder Bidzina İvanaşvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" bloku qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə