ABŞ-ın hərbi əsirlərin saxlandığı Quantanamo düşərgəsində olan ən gənc məhbusun - Ömər Hadrın ölkəsinə getməsinə icazə verilib. Kanada vətəndaşı olan Hadr bundan sonrakı cəza müddətini Kanadanın Ontario şəhərindəki "Millheven" həbsxanasında çəkəcək.

Dünya mediası xəbər verir ki, Hard 2002-ci ildə Əfqanıstanda saxlanılıb. Həmin vaxt onun 15 yaşı olub. 2010-cu ilin oktyabrında məhkəmə onu ABŞ əsgərini öldürməkdə təqsirli bilərək barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Əslində bu cinayəti törətmək 40 ilədək cəza müddətini nəzərdə tutur. Amma qərar çıxarılarkən Hadrın günahını etiraf etməsi və müvafiq qurumlarla məlumatların verilməsi barədə razılığa gəlməsi də əsas götürülüb. Vəkilinin bildirdiyinə görə, Ömər Kanadaya çatanda cəzasını şərti işlə dəyişdirmək mümkün olacaq.

Qeyd edək ki, Ö.Hadr Quantanamodan buraxılan ən gənc məhbus olmaqla yanaşı, bu həbsxanada saxlanılan sonuncu Qərb vətəndaşı idi. ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Quantanamoda 166 məhbus qalıb. Həbsxana açılanda isə orada 779 adam olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...