7 hərbçi PKK-nın qurbanı oldu FOTO

7 hərbçi PKK-nın qurbanı oldu FOTO

Türkiyənin Tunceli vilayətində PKK terrorçularının törətdiyi növbəti terror hadisəsi nəticəsində 7 nəfər ölüb. Yerli mətbuatın yaydığı xəbərə görə, hadisə vilayət mərkəzindəki Atatürk məhəlləsində yerli vaxtla saat 18.00 radələrində (Bakı vaxtıyla 20.00) baş verib. Məlumata görə, terrorçular hərbi heyəti daşıyan mikroavtobusun keçdiyi yolda uzaqdan idarə olunan partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində mikroavtobus və onun müşayiət etdiyi hərbi maşın yanmağa başlayıb.

Məlumat üçün bildirək ki, ölənlərdən 6 nəfəri hərbçi, 1 nəfər isə partlayış vaxtı yoldan keçən mülki qadın olub. Vəfat edən qadının ağır yaralanan həyat yoldaşı isə xəstəxanaya çatdırılıb.

İlk rəsmi məlumatlara görə, terrorçular hadisəni qaçırdıqları bir avtomobillə törədib. Belə ki, PKK terrorçuları qarət yolu ilə ələ keçirdikləri avtomobili partlayıcı maddə ilə yükləyərək hərbi kortecin keçəcəyi yolda saxlayaraq daha sonra hadisəni törədiblər. Avtomobildə olan 2 nəfəri isə bir müddət girov saxladıqdan sonra azadlığa buraxıblar. Hazırda avtomobildə olan 2 nəfər saxlanılaraq istintaqa cəlb olunublar.

Qeyd edək ki, hadisədən sonra terrorçuların ələ keçirilməsi üçün bölgədə hərbi hava donanmasının dəstəyi ilə əməliyyatlara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə