Bir filmin yaratdığı etiraz dalğası

Ərəb ölkələrindən ABŞ əleyhinə başlayan nümayişlər Avropa və Avstraliyaya da yayıldı
Bir filmin yaratdığı etiraz dalğası

İslam dünyasında müsəlmanları təhqir edən filmə etiraz dalğası Avropa və Avstraliyaya da yayılıb. Ötən gün Fransa, Belçika və Böyük Britaniyada yaşayan müsəlmanlar da kütləvi etiraz aksiyaları keçiriblər.

Müsəlman icmasının kifayət qədər böyük olduğu Belçikada ABŞ əleyhinə aksiyalar toqquşmalarla yadda qalıb. Antverpen şəhərində keçirilən nümayiş iştirakçılarına gözyaşardıcı qazla müdaxilə edilib. Bir neçə nəfər saxlanılıb.

Fransanın paytaxtı Parisdə ABŞ səfirliyinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ-da istehsal edilən filmə etiraz edən onlarla müsəlman səfirlik önündə dinc aksiya və yürüş keçirib. Gün ərzində aksiya iştirakçılarının sayı artıb. Aksiya icazəsiz olduğundan polis onlara müdaxilə edib, 150 nəfər müvəqqəti olaraq saxlanılıb. Toqquşmalar zamanı 4 polis əməkdaşı xəsarət alıb.

Böyük Britaniyada isə müsəlmanların etiraz aksiyası nisbətən dinc keçib. Lakin burada da polisin 2 nəfəri saxladığı bildirilir.

Avstraliyada da analoji aksiya keçirilib. Sidney şəhərində bir qrup nümayişçi ABŞ səfirliyinin binasına hücum etməyə çalışıb. Aksiya iştirakçılarının sayı çox olmasa da, onlar aqressiv olub və polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Bir neçə nəfər isə polislə toqquşma zamanı dəyənəklə döyülüb. Polislər arasında da xəsarət alan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə