İşçilərin tətili Aviaşirkətə baha başa gəldi

İşçilərin tətili Aviaşirkətə baha başa gəldi

Tarixində ilk dəfə olaraq stüardessalarının etiraz tətilinə şahidlik edən "Lufthansa"-ya bir neçə milyon avro ziyan vurub. SİA-nın Almaniya bürosunun "Deutsche Welle" agentliyinə istinadən verdiyi xəbərə görə, ziyanın dəqiq məbləğini hesablamaq hələ mümkün olmasa da bu, bu rəqəmin artıq 3-4 milyon avrodan çox olacağı dəqiqləşib. Tətilçilər şirkətin yeni tətbiq etdiyi tariflərə etiraz edirlər və hələ də ümumi razılıq əldə olunmadığından tətillər davam etdiriləcək. Bort bələdçilərinin maraqlarını qoruyan UFO Həmkarlar Birliyi aviaşirkəti artıq yaxın günlərdə tətilin bütün Almaniya üzrə davam etdiriləcəyi ilə hədələyir. Bununla bərabər Həmkarlar Birliyi tətilin dəqiq nə vaxt və məhz harada başlayacağını gizli saxlayır. "Lufthansa" bu barədə yalnız 6 saat əvvəl məlumatlandırılacaq. "Biz hələ də aviaşirkət tərəfindən məqbul bir təklif almamışıq və buna görə də tətili daha geniş miqyasada davam etdirəcəyik", - deyə UF-nun rəsmi nümayəndəsi bildirib.

Öz növbəsində "Lufthansa"-nın rəhbərliyi məhz tətilçilər tərəfindən güzəştli razılığa gəlmək təklifini gözlədiklərini bildirib və onları danışıqlar stoluna dəvət ediblər. Şirkətin rəsmilərindən birinin sözlərinə görə, danışıqlar stoluna dəvət artıq şirkət tərərfindən güzəştə doğru bir addımdır və tətilçilər üçün zəmanət rolunu oynaya bilər.

Artıq tətilin birinci dalğasının xeyli baha başa gəlsə də ötüşdüyünü demək olar. Bu ölkədəki büromuzdan verilən xəbərə görə, tətil sentyabrın 1-də Frankfurt hava limanında baş verib. "Lufthansa"-nın tarixinə "ilk" kimi düşən və səhər saat 5-dən günorta 1-ə qədər davam edən tətil nəticəsində 200-ə yaxın uçuşun vaxtı uzadılıb, sonra isə ümumiyyətlə təxirə salınmışdı. Minlərlə sərnişin hava limanında və şirkətiın təklif elədiyi yerlərdə gecələməli olub. "Şengen" vizası olmayan və tranzit kimi Fankfurta gələn sərnişinlər daha çox problem yaşayıb.

Qeyd edək ki, Aviaşirkət ilə UFO arasında tarif mübahisəsi artıq xeyli müddətdir ki, davam edir. Həmkarlar Birliyinin bir neçə tələbi sırasında ən əsası kimi əməkhaqqının 5% qaldırılması durur. Hələlik şirkətin güzəşt təklifi 3,5%-dir. "Lufthansa" rəsmiləri bu günkü kəskin rəqabətli bazarda və krizis dövründə bundan artığına gedə bilməyəcəyini bəyan edir. Hazırda Avropa nəhəngi həm yerli, həm də beynəxalq uçuşlarını qoruyub saxlamaq yollarını axtarır. Məsələ burasındadır ki, yerli uçuşlar xeyli güzəştlər təklif edən kiçik şirkətlər, beynəlxalq uçüşlar isə fərqli qiymət təklif edən, Yaxın Şərq aviaşirkətlərin ucbatından "Lufthansa"-nın əlindən çıxmaqdadır.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə