Avropa Yunanıstanın göz yaşlarına inanmadı

Avropa Yunanıstanın göz yaşlarına inanmadı

Yunanıstan Almaniya və Fransadan nə əlavə müddət nə də əlavə pul ala bildi. Krizis diplomatiyası dalana dirəndi. Yunanıstanın baş naziri Antonis Samarans danışıqlarda heç nə əldə edə bilmədi və Avropa turnesindən qanıqara dönür. Afinada növbəti 31.5 milyardlıq kredit tranşı öncəsi diplomatik uğursuzluq nümayiş etdirən baş naziri ciddi tənqid dalğası gözləyir.

İlk baxışdan hər şey qaydasında gedirdi. Yunanıstanlı diplomat gəlişindən öncə Almaniyanın "Bild" və Fransanın "Le Monde " qəzetlərinə müsahibələr verdi və müsahibələrdə "pul yox, möhlət ", "borc əvəzində torpaq" və s. kimi maraqlı jestlər elədi. Amma bu jestlər Fransanın prezidentinə, xüsusilə də xanım Merkelə təsir etmədi. "Bloomberg" xəbər verir ki, Merkel – Olland tandemi Samaransı qəbul etməzdən hələ iki gün əvvəl, Berlində şam yeməyi zamanı bir cəbhədən çıxış edəcəklərini razılaşdırıblar və etiraz taktikasını da hazırlayıblar. Taktika təxminən belə olub ki, Kanslerin sərtliyi qarşılığında Prezident bir az yumşaq mövqe tutur, ammaç cavab eyni olur – möhlət və pul yardımına etiraz. Rollar da çox uğurlu bölüşdürülüb. Xanım Merkel hətta lazım olduğundan artıq alman sərtliyi göstərdi. Samaransın "bir az azad hava" xahişinə rədd cavabı verildi.

"Yunan xalqı məğrur xalqdır, onlar özgə hesabına yaşamaq istəmirlər, yalnız bir az möhlət lazımdır ki, özlərini bu mənəvi işgəncədən qurtarsınlar" sözlərinə isə Kanslerin cavabı daha sərt olub. "Mən iki reallıq görürəm, əziyyət çəkən yunanlar və hədsiz pərişan olan avropalı vergiödəyənlər. O vergiödəyənlər ki, əziyyətləri bahasına toplanan puldan 240 milyardını Yunanıstana göndəriblər", - deyə sərt cavab verən Angela Merkel iki ildən çoxdur ki, Yunanıstana zəmanət, dəstək, iri məbləğdə pul verildiyini, amma, əvəzində bu ölkənin etimadı doğrultmadığını deyib.

Belə sərt cavaba hazır olmayan Samarans Alman KİV-ni günahlandırmağa başlayıb. Cəmi iki gün öncə məhz mətbuatla sentimentallıq nümayiş etdirən yunan diplomatının sözlərinə görə sən demə KİV hər şeydə günahkar imiş. "Onlar Yunanıstanın avrozonadan çıxacağı barədə yalan məlumatlarla hamını çaşdırırlar və dövlət obyektlərinin sərfəli qiymətlərlə özəlləşdirilməsinə mane olurlar. Sizcə yatıracağı avronun əvəzində draxma ala biləcəyi düşünən iş adamları buna gedərmi? Əlbəttə yox" - deyə şikayətlənən Samarans burda da soyuq və sərt cavabla qarşılanıb. Yüngül ironiya ilə öz növbəsində yunan mətbuatını diqqətlə izlədiyini bildirən xanım Merkel elə o tonda da davam edərək alman mətbuatında yunan problemlərinin "düzgün işıqlandırılması " yönündə yardımşı ola bilməyəcəyini deyib.

Belə qanqaraldıcı Berlin görüşündən sonra Parisə gələn Yunanıstanın baş naziri bu ölkənin prezident i Fransua Olland tərəfindən xeyli yumşaq qarçılansa da, cavab Berlindəkindən fərqlənməyib. Yunan diplomatının əlavə möhlət xahişinə Fransa prezidenti" biz bu məsələni artıq iki il yarımdan çoxdur ki, çözürük, amma, daha bundan artıq vaxt itirə bilmərik" cavabını verib. Əvvəldən də bəlli idi ki, Berlindəki şam yeməyi zamanı gedən müzakirədən sonra Olland başqa cavab verməzdi.

Belə bir uğursuzluğa baxmayaraq ekspertlər Yunanıstan diplomatiyasının hələ kiçik də olsa şansının qaldığını və bununla da Avropadakı sərt münasibəti yumşalda biləcəyini deyirlər. Hazırda Yunanıstana kredit buraxan "Üçlüyün" ekspert qrupu bu ölkədədir və maliyyə və iqtisadi durum haqqında hesabat hazırlayırlar. Hesabatdan sonra, oktyabrın 8-də valyuta blokunun maliyyə nazirləri görüşücək və bundan sonra isə 18-19 oktyabrda Brüsseldə AB sammiti baş tutacaq. Yunanıstanın da məhz bu müddətə qədər hərəkət imkanı olduğu deyilir.

Hələliksə Antoniz Samarans yalnız Avstriyanın kansleri Verner Faymanın sözlərindən yüngül təsəlli tapa bilər. "Avstriya borcların qaytarılması müddətini iki və hətta ekspertlərin müsbət qərarı olduğu halda üç il uzada bilər. Amma, bundan ötrü Yunanıstan islahatların keçirilməsi və büdcə xərclərinin azaldılması qaydalarına danışıqlara uyğun riayyət etməlidir" – deyə cənab Fayman öz ölkəsinin münasibətini bildirib. Ümumi qərara ciddi təsir etməsə də, müşahidəçilər bunun Yunanıstan üçün ruhdan düşməmək yolunda faydalı bir addım olduğunu deyirlər.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə