Suriya ordusu üsyançıların mövqelərini atəşə tutub

Suriya ordusu üsyançıların mövqelərini atəşə tutub

Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşqətrafı rayonlarda üsyançılara qarşı keçirdiyi əməliyyatları nəticəsində 22 nəfər öldürülüb. Fəallar Homs və Hələb şəhərinin raket zərbələrinə məruz qaldığını bildiriblər. Həma şəhərində isə gecə saatlarında partlayış səsləri eşidilib. Partlayış nəticəsində bir neçə yaşayış məntəqəsinin dağıldığı xəbər verilir. Burada olan üsyançılar orduya məxsus bir neçə tankı ələ keçirdiklərini və Əsəd qüvvələrinə qarşı ciddi hücuma hazırlaşdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün Dəraa şəhərində aparılan əməliyyatlar nəticəsində 440 nəfərin meyidi tapılmışdı.

Bu arada, Fransa prezidenti Fransua Olland Suriya rejimini istefaya çağırıb: "Bəşər Əsəd hakimiyyəti tərk etməlidir. Onunla heç bir siyasi razılaşma əldə etmək mükün deyil. O, regionun stabilliyi üçün təhlükə mənbəyidir. Biz Təhlükəsizlik Şurasının tərkibində bəzi maneələrin aradan qaldırılmasına çalışırıq. Xarici İşlər Nazirləri məsələ ilə bağlı təhlillər aparırlar. Biz Suriya müxalifətinə legitimliyi tanınan müvəqqəti hökumət qurması üçün müraicət edirik. Ərəb tərəfdaşlarımız da, həmçinin, prosesin sürətləndirilməsində fəal rol oynayırlar. Kimyəvi silahlardan istifadə məsələsinə gəlincə isə bildirmək istəyirəm ki, biz belə hallara qarşı ayıq-sayıqlığımızı qoruyuruq. Rejminin kimyəvi silahlardan istifadə etməsi bu ölkəyə dərhal müdaxilə etməyə əsas verəcək".

Onu da qeyd edək ki, Suriya müxalifəti ötən ilin mart ayından etibarən davam edən döyüşlərdə 20 mindən çox insanın öldürüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə