Breyvikə 21 il iş verildi

Norveç məhkəməsi Anders Breyvikin 21 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. SİA-nın verdiyi məlumata görə, məhkəmə zamanı ittiham tərəfi onun anlaqsız olmasının qəbul edilməsini istəyib.

Belə olan halda Breyvik müddətsiz məcburi müalicəyə cəlb olunmalı idi. Lakin terrorçu özü və vəkili məhkəmənin onu psixi cəhətdən sağlam olduğunu təsdiqlənməsinə nail olublar. Bundan başqa, Breyvikin qurbanlarının qohumları da onun anlaqlı olduğunu israr ediblər. Əks halda, norveçli törətdiyi dəhşətli qətllərə görə daha az məsuliyyət daşıyacaqdı.

Qeyd edək ki, terrorçu cəzasını Norveçin "İla" həbsxanasında çəkəcək. Xatırladaq ki, Anders Breyvik 2011-ci il iyulun 22-də Norveçdə dəhşətli terror aktı törədib. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb. A. Breyvik qətl törətdiyini etiraf edib və bildirib ki, bu yolla siyasi bəyanat verərək, müsəlmanların Norveçdə çoxalmalarına qarşı çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə