İspaniya xilas olunur, yoxsa əksinə?

İspaniya xilas olunur, yoxsa əksinə?

Agentliyimizin Almaniya bürosundan ötən gün gələn xəbərdə məlumat vermişdik ki, Bundestaq İspaniyaya 100 milyard avro kreditin ayrılmasını müzakirə edib qərar verməlidir. Artıq qərar var – İspaniya maliyə yardımı alacaq. Alman parlamentariləri böyük səs çoxluğu ilə qərarın lehinə səs veriblər. 97 əleyhinə (bitərəf 13 nəfər) rəqəminə qarşı 473 lehinə qərarı Kansler Anqela Merkeli də təsirləndirib.


"Vacib qərarlarda biz həmişə çoxluğun səsini qazanırıq" deyən xanım Merkel bununla həm də İspaniyanın Avropa zəncirində necə vazkeçilməz bir halqa olmasına işarə vurub. Onun fikrincə İspaniya banklarında maliyə stabilliyi yaratmaq bu xəstəliyin avrozonada digər ölkələrə yoluxmasının qarşısını almaqda çox vacibdir. Artıq bu gün, iyulun 20-də AB malyə nazirlərinin yekun qərarından sonra İspaniya gözlədiyi krediti ala biləcək. Ekspertlər bunu artıq həllini tapmış prosedurun texniki tərəfi kimi qiymətləndirirlər.


Xatırladaq ki, İspaniya uzun tərəddüdlərdən sonra ötən ayın 25-də rəsmi olaraq AB-yə 100 milyard kredit almaq üçün müraciət etmişdi və elə onda da dərhal, bəzi müşahidəçilərin təəccübünə rəğmən AB maliyə nazirlərinin razılığını almışdı. Artıq İspaniya ayrılan krediti necə xərcləyəcəyini hesablaya bilər. Bu barədə bu ölkənin maliyə naziri məlumat verib. Cənab Luis de Qindosun sözlərinə görə vəsait əsasən iki istiqamətdə - maliyə sektorunun krizisdən xilas edilməsi, ispan iqtisadiyyatında bank sektorunun fəaliyyəti şəffaflığının təmini və büdcə xərclərinin nizamlanmasına xərclənəcək.


Bu arada İtaliya parlamenti Avropa Stabillik Mexanizminin (ESM), başqa adla Daimi Antikrizis Fondunun ratifikasiyasını təsdiq edib. Xatırladaq ki, söhbət ötən ay yaradılmasına qərar verilən 500 milyard avroluq kapitala malik olacaq qurumdan gedir. Qurum yarandıqdan sonra maliyə çəyinlikləri ilə üzləşən avrozona ölkələrinə dövlətin müdaxiləsi və ya razılığı olmadan vəsait ayıra biləcək. Gözlənilirdi ki, qurum artıq bu il iyulun 1-nə qədər AB-yə üzv ölkələrin parlamentləri tərəfindən (minimum 12 ölkə)ratifikasiya olunacaq və fəaliyyəti təmin ediləcək. Amma, tarix bir neçə üzv ölkə, xüsusən də Almaniyanın yubanması səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı. Almaniyada Fondun qanuniliyini öncə Konstitusiya Məhkəməsi təsdiq eləməlidir ki, o da qərarı yalnız sentyabrın 12-də verəcəyini bildirib. Berlinin qərarı isə vacibdir, belə ki, bu ölkə fonda toplanacaq 500 milyard vəsaitin nə az nə çox, 27%-ni boynuna götürüb.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə