Krım Ukraynanın tərkibindən çıxacaqmı?

Krım Ukraynanın tərkibindən çıxacaqmı?

Krım rəhbərliyi bu muxtar vilayətin konstitusiya ilə müəyyən olunmuş hüquqlarının Ukrayna Konstitusiyasındakı hüquqlarla bərabərləşdiriliməsi təklifi ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, layihə Krım Ali Şurasının qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməsini də nəzərdə tutur. Hazırda Krım Nazirlər Kabinetinin sədri Anatoli Mogilyevin rəhbərliyi ilə yaradılmış komissiya təklifləri qruplaşdırır və onların qarşıdakı iki ay müddətində Ukrayna prezidenti yanındakı Konstitusiya Assambleyasına təqdim edilməsi planlaşdırılır. Ölkə müxalifəti belə halların Krımın Ukraynanın tərkibindən çıxması ilə nəticələnə biləcəyi təhlükəsinə dair həyəcan təbili çalır.


"Kommersant-Ukrayna"nın yazdığına görə, sözügedən məqsədin reallaşdırılması üçün tarixçilərdən və siyasətçilərdən ibarət komissiya yaratmış A.Mogilyev bildirib ki, Krım nəhəng potensiala malikdir və ərazinin dotasiyalı region kimi qalması yolverilməzdir. "Bizə deklorativ deyil, real səlahiyyətlər lazımdır. Bu krımlılar üçün vacib məsələlərin Kiyevdə deyil, Krımda həllini mümkünləşdirəcək".


Ukrayna müxalifəti bildirir ki, əgər Krım rəhbərliyinin təklifi baş tutsa, bu, Ukrayna ilə Krımın faktiki olaraq konfederativ əsaslarla əlaqələrinin rəsmiləşməsi olacaq. Faktiki olaraq isə Krım ölkənin tərkibindən çıxacaq. Mövcud hal konstitusiyada nəzərdə tutulmayıb və əsas qanunun dəyişdirilməsi yalnız ümumxalq referendumu yolu ilə mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə