Suriyadakı hərbi siyasi gərginliklə bağlı İrana səfər edən BMT-nin və Ərəb Liqasının şəxsi nümayəndəsi Kofi Annan bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ikitərəfli görüşdən sonra mətbuat konfransı keçirən diplomatlar Suriyada sabitliyin bərpa olunması istiqamətində danışıqların aparıldığını bildiriblər. Kofi Annan bildirib ki, Suriyada vətəndaş müharibəsinin dayandırılması üçün hər kəsin üzərinə məsuliyyət düşür. Bundan başqa Annan əlavə edib ki, sülh planının qəbul olunması üçün İranın siyasi dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, Suriyadakı gərginliyin aradan qaldırılması üçün hökumətlə müxalifəti bir masa arxasına gətirmək lazımdır. Hər iki tərəf məsələni silahla deyil, danışıqlarla həll etməlidir. Suriyalılar öz gələcəkləri ilə bağlı qərarı özləri müəyyənləşdirməlidir. Annan həmçinin əlavə edib ki, Suriyadakı qarşıdurma səngiməsə bu region üçündə təhlükəlidir. Əli Əkbər Salehi də 6 maddəlik sülh planının qəbul olunmasının zəruri olduğunu deyib. İran xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Annanın problemin həllinə ciddi yanaşması bir sıra ölkələri narahat edir. Bu da həmin ölkələrin məsələyə yersiz müdaxiləsinə səbəb olur. Salehi həmçinin əlavə edib ki, Suriya xalqı da onlara aid hüquqdan istifadə etməlidir. Suriyada da müstəqil seçki, çoxpartiyalı sistem, demokratiya və müstəqillik olmalıdır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB