"Suriyanın dostları" Bəşər Əsədin taleyini həll edir

"Suriyanın dostları" Bəşər Əsədin taleyini həll edir

Fransanın paytaxtı Parisdə "Suriyanın dostları" adlı növbəti konfrans başlayıb. Konfransda 150 ölkənin nümayəndələri iştirak edir. Rusiya və Çin isə görüşdə iştirak etməkdən imtina edib. Konfrans iştirakçıları Dəməşqi hakimiyyəti müxalifətə verməyə razı salmağa çalışacaqlar. Qərb və ərəb ölkələrinin diplomatları Suriya münaqişəsinin həlli üçün artıq 3-cü dəfədir toplaşırlar. Bundan əvvəlki "Suriyanın dostları" konfransları Tunis və İstanbulda olub.


Bu dəfə məqsəd Suriya üsyançılarına dəstək verməyin və döyüşlərin getdiyi yaşayış məntəqələrinin sakinlərinə humanitar yardım göstərilməsinin yollarını müzakirə etməkdir. Suriya müxalifəti ölkədə qeyri-uçuş zonasının tətbiq edilməsini istəyir.


"Biz hələ də dünya ictimaiyyətinin ləng tərpəndiyini görürük, lakin ümid edirəm ki, rejim qüvvələrinin üsyançı əsgərlərin başı üzərindən uçmasını və günahsız insanları bombalamasını görməmək üçün uçuşa qadağan zonanın tətbiq edilməsini görəcəyik", - deyə Suriya Milli Şurasnın Baş katibi Həsən Haşimi belə deyib.


Almaniyanın xarici işlər naziri Qido Vestervelle isə bir çox Avropa və ərəb ölkələrinin nümayəndələri kimi iqtisadi sanksiyaların sərtləşdirilməsini vacib sayır: "Hesab edirəm ki, Nyu-Yorkda BMT-nin iclasında irəli sürülmüş sanksiyalara dair qətnamənin vaxtı yaxınlaşır. Mən hərbi sanksiyaları nəzərdə tutmuram. Rusiya ilə müzakirələri də davam etdiririk, çünki Suriyada siyasi həll yolu yalnız veto qoya bilən qüvvələrin hamısı meydanda olanda mümkündür. Rusiya da, təbii ki, Kofi Annanın sülh planının yerinə yetirilməsində aparıcı rola malikdir".


Bu günkü konfransda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Əsəd rejiminə qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsi çağırışı ilə çıxış edəcəyi gözlənilir.


Qeyd edək ki, "Suriyanın dostları" qrupu bu ilin fevralında Fransanın keçmiş prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə