Cenevrədə Suriyaya hökm oxudular

Cenevrədə Suriyaya hökm oxudular

Suriya məsələsi ilə bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq konfransda BMT-nin sülh planı əsasında məsələnin nizamlanmasında nümayəndələr arasında razılıq əldə edilib. BMT və Ərəb Liqasının Suriya böhranı üzrə xüsusi səfiri Kofi Annanın açıqlamasına əsasən, görüşdə münaqişəli tərəflərin iştirakı ilə yeni müvəqqəti hökumətin qurulması ilə bağlı qərar qəbul edilib.


Onun sözlərinə görə, problemin müsbət yöndə istiqamətləndirilməsinə ilin sonuna qədər nail olmaq olar. Annan mətbuat konfransında çıxışı zamanı bildirib ki, Suriyada yeni hökumət yalnız danışıqlar və müzakirələr aparılaraq formalaşdırıla bilər.


"Zənnimcə, indiyə kimi müstəqillikləri uğrunda bu cür səylə vuruşan Suriya xalqı indidən sonra hansısa əli qanlı insanın bu dövləti idarə etməsinə razılıq verməz. Bütün tərəflər davamlı atəşkəsə nail olmalı və başqalarının bir şey etməsini gözləmədən dərhal 6 maddəli planı həyata keçirməlidir. Hökumət və silahlı qruplaşmalar BMT-nin müşahidəçi qrupu ilə əməkdaşlıq etməlidir. Milli barışığın əldə edilməsi üçün tərəflər məsuliyyətli olmalıdırlar. Əslində, Suriya xalqı özü siyasi razılığa gəlməlidir, lakin vaxt yoxdur. Münaqişə dialoqlar əsasında öz həllini tapmalıdır və məsələnin həlli ilə nəticələnəcək şərtlər irəli sürülməlidir" - deyə Annan sözlərini ifadə edib.


ABŞ dövlət katibi Hilari Klinton isə bildirib ki, konfransda bəzi dəyişiklərlə bağlı razılıq əldə edilsə də, məsələnin mahimiyyəti dəyişməz olaraq qalır.


"Biz məsələnin mahiyyətinə təsiri etməyən bəzi dəyişikliklərə razılıq verdik. Bununla belə, sənədləri oxuduqda nəticələrin eyni olaraq qaldığını müşahidə etmək olur. Belə ki, Əsəd hakmiyyətdən getməli olacaq. O, heç vaxt birgə razılıq sınağından keçə bilməyəcək. Çünki artıq onun əlləri qana batıb. Ənanın da eyni sözlər işlətdiyini gördünüz. Bu gün burada fəaliyyətimiz Əsəd rejiminin hakimiyyətdə qalacağı ilə bağlı şayiələrə son qoymaqdan ibarət oldu. Planda Əsəd rejiminin rəhbərliyi yeni müvəqqəti hökumətə verməsi tələb olunur" - deyə Klinton fikrini səsləndirib.


Klinton, həmçinin, konfransda iştrak edən nümayəndələrin daimi işçi qrupu halında çalışacağını və vəziyyətin nizamlanması ilə bağlı planının gələn həftə Qahirədə təqdim ediləcəyini əlavə edib.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov da, həmçinin, ümumilikdə, sənədlərdə ciddi dəyişikliyin olmadığını qeyd edib.


"Mən sənədlərin heç bir hissəsini izah etməyə ehtiyac duymuram. Sənədin özündə hər şey qeyd edilib. Düşünürəm ki, sənəddə müvəqqəti hökumətin qurulması prosesində hansısa tərəfin bu prosesdən kənar qalması ilə bağlı heç bir təşəbbüsün olmaması vacib əhəmiyyət kəsb edir" - deyə S. Lavrov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə