İtaliya Statistika İdarəsi ölkənin məşğulluq bazarında vəziyyət və böhranın təsirləri barədə növbəti hesabatını açıqlayıb. Hesabatda ölkədə işsizliklə bağlı vəziyyətin pisləşməkdə davam etdiyi qeyd edilib.
SİA-nın aldığı məlumatda göstərilir ki, ilin sonunda işsizlik göstəricisi ötən illə müqayisədə 8,4 faizdən 9,5 faizə yüksələcək, 2013-cü ilin əvvəllərində isə 9,6 faizi ötəcəkdir. İtaliyada davam edən iqtisadi böhran ən çox gənclərə və qadınlara çətinlik yaradır. Onlar iş tapmaqda böyük çətinliklərlə üzləşirlər.
Statistika İdarəsinin məlumatına görə İtaliyada gənclər arasında işsizlik göstəricisi daha 2 faiz artaraq mart ayında 35.9 faizə çatıb.
İtaliyanın Baş nazir Mario Monti işsizliklə bağlı vəziyyətdə irəliləyiş olacağına söz versə də hələ ki, müsbət nəticələr müşahidə edilmir.
Təyyarə istehsalı ilə dünyada məşhur olan Fransanın "Air France" şirkətinin 5 min işçini ixtisar edəcəyi ilə bağlı xəbəri ölkə mediasında ciddi təşvişlə qarşılanıb.
Tf1 informasiya saytı ölkənin daha hansı böyük müəssisələrində ixtisarın baş verə biləcəyi ilə bağlı iqtisadçıların fikirlərinə əsasən proqnozlar vermiş və siyahı dərc edib. Bu siyahıda ölkənin avtomobil sektorunda böyük paya malik olan "General Motors" şirkətinin Strasburqda sürət qutuları istehsal edən zavodunun da adı vardır. Müəssisədə çalışan minlərlə insan iş yerini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
"Peugeot-Citroen" şirkətlər qrupu da oktyabradək 4 min iş yerini ixtisara salacaqdır. Bundan başqa "Free" şirkətinin telekommunikasiya bazarına girməsi ilə rəqib qurumlarda 10 min iş yerinin azalacağı proqnozlaşdırılmışdır. "SFR" və "Bouygues Telecom" kimi böyük şirkətlər də maliyyə vəsaitlərinə qənaət etməyə hazırlaşır ki, bu da ixtisarları qaçılmaz edir.
Avrozonadakı böhran Fransanın 3 əsas bankını pis vəziyyətdə salıb. Gələn aydan başlayaraq ölkənin bank sektorunda ən azı 6 min iş yeri ixtisara düşəcəkdir.
Seçki kampaniyasında prezidentliyə namizədlərin ən çox istinad etdiyi metallurgiya sektoru da oxşar vəziyyətdədir. Ölkənin ən böyük metallurgiya şirkəti olan "Arcelor Mital" 2 domna sobasını bağlayıb. Şirkət Belçika və İspaniyadakı zavodlarını da bir-birinin ardınca bağlamaq qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB