İngiltərə polisi ayağa qalxdı

İngiltərə polisi ayağa qalxdı

Ötən gün İngiltərədə hüquq mühafizə orqanları əməkdaşlarının kütləvi etiraz aksiyası keçirilib. Hökümətin sərt iqtisadi islahatlarına qarşı etiraz səslərini ucaltmaq üçün paytaxt London küçələrinə yüz minlərlə polis və digər dövlət sektorunun işçiləri axışıb. Dövlət qulluqçularını bir araya gətirən yeni büdcə ixtisarları və hökümətin təqaüd yaşını qaldırmaq planı olub.


Bundan başqa hökümət komissiyasının hesabatında polislərin işdən azad edilməsini asanlaşdıran hüquqi alətlər təklif olunur. Kütləvi dinc yürüşə polislərlə yanaşı, miqrasiya, səhiyyə və pentensiar xidmətin əməkdaşları da qoşulub. Polisin tətil etməsi qadağan olunduğundan, asayış keşikçiləri bu etiraz aksiyası ilə hökümətə birbaşa ismarıc yollamağa çalışıb. Etirazçıların daşıdığı plakatlarda "Baş nazir Kemeron polislərə nifrət edir" kimi anti hökümət yazıları yer alıb.


" Axı Polislərin sayını 20 faiz ixtisar etməklə hökümət nə qazanacaq?! Bu ixtisarlar yalnız daha çox asayış pozuntusu, daha çox cinayət və arzuolunmaz davranışlara gətirəcək. Bizim bu gün burada toplaşmağımız məhz bununla bağlıdır", - deyə Polis Federasiyasının sədri Pol Makkiver bildirib.


Həmkarlar ittifaqı 400 minə yaxın dövlət qulluqçusunun tətilə çıxacağını iddia etsə də, rəsmi London kütləvi yürüşdə yalnız 150 min nəfərin iştirak etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə